Nağdsız ödənişlərin həcmi kiçilib: Ümumi məbləğin də, kart saylarının da azalacağı gözlənilir
1-10-2026, 16:24

Xüsusilə son 4 ildə əhalinin alış-veriş qəbzlərindən əlavə dəyər vergisi payı əldə etməsi, “kəşbək”lər qazanması nağdsız ödənişlərə marağı kəskin artırdı. Təbii olaraq, bank kartlarının sayı da dəfələrlə çoxaldı. Məsələn, son 6 ildə bu istiqamətdə 2,3 dəfə artım var. 2022-ci ildə nağdsız ödənişlərin aylıq göstəricisi 2 milyard manatı çətinliklə keçirdi. İndi isə rəqəm 8-9 milyard manat civarında olur.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda bank kartlarının sayı 22 milyon 974 minə çatıb. Əvəzində nağdsız ödənişlərin həcmi kiçilib, avqustda 8 milyard 888 milyon manat olub. Halbuki iyulda göstərici 9 milyard 712 milyon manat idi.
Nağdsız ödənişlərin həcminin azalmasının çox sadə səbəbləri var. Birincisi və ən əsası, limit tənzimləmələrinin tətbiqi işini gördü. Gün ərzində beş dəfədən artıq köçürmələrə imkan verilməməsi nağd ödənişləri stimullaşdırdı. İkincisi, banklara müştəriyə eyni valyutada ikinci kartın verilməsinə qadağa rəngləri bir az da tündləşdirdi. Buna görə də nağdsız ödənişlərin təxminən 10 faiz azalmasına təəccüblənmək lazım deyil.
Maliyyə sektorunda oktyabrdan növbəti qaydalar dalğası gəlir. Köçürmələrə daha ciddi nəzarət olunacaq. Onlayn kreditlər məsələsinə çox həssas yanaşılacaq. İllik köçürmələrin həcmi 20 min manatı keçməyəcək. Bu qərarlar bütün hallarda əhalinin nağd ödənişlərə qayıdışını təmin edəcək. İnsanlar yeni-yeni nağdsız ödənişlərin üstünlüklərindən istifadə edirdi. Bu, bank sektorunda rəqəmsallaşmaya da təkan verirdi. Amma qaydaların sərtləşdirilməsi yaxşı xəbər olmadı. Üstəlik, məntiqli də görünmür.
İndidən yaxın aylardakı statistikanın proqnozunu vermək olar. Nağdsız ödənişlərin həcmi daha sürətlə kiçiləcək. Kart sayının artması da dayanacaq. Onsuz da “kəşbək” imkanları məhdudlaşıb. Sanki banklar əvvəlki qədər alış-verişi stimullaşdırmağa həvəsli deyillər.

