Zibildən milyonluq biznes quranlar - Tullantını gəlir mənbəyinə çevirən 10 sahibkar

30-09-2026, 12:58           
Zibildən milyonluq biznes quranlar - Tullantını gəlir mənbəyinə çevirən 10 sahibkar
İnsanların hər gün atdığı tullantılar bəziləri üçün sadəcə zibil deyil, biznes fürsətidir. Qida qalıqlarından plastik butulkalara, köhnə şüşələrdən tikinti materiallarına qədər müxtəlif tullantıları yenidən dəyərləndirən sahibkarlar bundan böyük bizneslər qurmağı bacarıblar.

Valyuta.az tullantılardan biznes quran 10 sahibkarın hekayəsini təqdim edir.

Maen Mahfoud - atılacaq yeməkləri biznesə çevirdi

Suriyalı Maen Mahfoud Kaliforniya Universitetinin Berkli kampusunun məzunudur. O, ehtiyacı olan insanlarla artıq qida ehtiyatları arasında əlaqə yaratmaq məqsədilə 2016-cı ildə “Replate” şirkətini yaradıb.
Şirkət müəssisələrdə artıq qalan və əks halda tullantıya çevriləcək qidaları toplayaraq ehtiyacı olan insanlara çatdırır. Məqalədəki məlumata görə, “Replate” sonradan 300-dən çox şəhərə yayılıb və 1,1 milyondan çox yeməyin istifadəyə verilməsinə kömək edib.

Tom Szaky - biznesə qurd tullantısını satmaqla başladı

Prinston Universitetində təhsilini yarımçıq qoyan Tom Szaky “TerraCycle” şirkətinin qurucusudur. Onun biznesinin başlanğıcı kifayət qədər qeyri-adi olub: şirkət əvvəlcə qurd tullantısından hazırlanan gübrəni işlənmiş “Coca-Cola” butulkalarında satıb.
Daha sonra “TerraCycle” müxtəlif növ tullantıların toplanması və təkrar emalına keçib. Şirkət xüsusilə “upcycling” - tullantıların daha dəyərli yeni məhsullara çevrilməsi sahəsində tanınıb. Məqalədə “Forbes”a istinadla Szakynin sərvətinin təxminən 13 milyon dollar olduğu bildirilir.

Miranda Magagnini və Peter Strugatz - sınmış şüşələrdən milyonluq biznes

Harvard Biznes Məktəbinin məzunları Miranda Magagnini və Peter Strugatz tullantıya çevrilən şüşə və sementdən mətbəx və digər səthlər üçün material istehsal etmək ideyasını biznesə çeviriblər.
Onların yaratdığı “IceStone” şirkəti təkrar emal olunmuş şüşə və sementdən məhsullar hazırlayaraq milyonlarla dollarlıq biznesə çevrilib. Şirkət NASA və Gates Foundation kimi böyük təşkilatlarla da əməkdaşlıq edib.

Renee Hansen - başqalarının tullantısını alıb yenidən satdı

Təkrar emala marağı ilə seçilən Renee Hansen “SpinFish” və “Hipcycle” şirkətlərini yaradıb. Bu bizneslərin əsas modeli istifadə edilmiş və tullantıya çevrilmək üzrə olan məhsulların toplanaraq yenidən satışa çıxarılmasına əsaslanır.
“SpinFish” əsasən şirkətlərdən tullantıları alaraq digər bizneslərə satır, “Hipcycle” isə təkrar istifadə edilən məhsulları birbaşa istehlakçılara təqdim edir.

Piet Hein Eek - tullantılardan bahalı mebel hazırladı

Niderlandlı dizayner Piet Hein Eek istifadəsiz materialları mebel və incəsənət əsərlərinə çevirərək biznes qurub.
Təhsil aldığı dövrdə buraxılış layihəsi kimi başlayan ideya sonradan kommersiya biznesinə çevrilib. Onun tullantı materiallardan hazırladığı bəzi mebel və dizayn məhsulları yüzlərlə, hətta minlərlə dollara satılıb. Dizayner sonradan IKEA ilə də əməkdaşlıq edib.

Scott Hamlin və Gary Peck - köhnə parçalardan yeni məhsullar

Scott Hamlin və Gary Peck 2009-cu ildə “Looptworks” şirkətini yaradıblar. Şirkətin əsas prinsipi “yalnız mövcud olanlardan istifadə etmək”dir.
“Looptworks” artıq qalan və istifadədən çıxmış tekstil materiallarından çanta, qab və müxtəlif gündəlik aksesuarlar istehsal edir.

Ian Rosenberger - plastik tullantıları gəlir mənbəyinə çevirdi

2010-cu ildə Haitidə baş verən zəlzələdən sonra Ian Rosenberger “Thread” şirkətini yaradıb. Məqsəd yoxsul ərazilərdə yaşayan insanlara gəlir əldə etmək imkanı yaratmaq idi.
Biznes tullantıları, xüsusilə plastik materialları toplayaraq onları yeni məhsulların istehsalında istifadə olunan materiallara çevirib. Bununla həm tullantıların azaldılması, həm də yerli əhali üçün gəlir imkanlarının yaradılması hədəflənib.

Dan Phillips - tullantılardan ev tikdi

Dan Phillips isə tikinti tullantılarına fərqli yanaşıb. Onun yaratdığı “Phoenix Commotion” şirkəti istifadədən çıxmış tikinti materiallarından aşağıgəlirli ailələr üçün evlər inşa edir.
Layihələrdə ailələrin özləri də evlərin layihələndirilməsi və tikintisində iştirak edir. Şirkət eyni zamanda ixtisası olmayan işçiləri işə götürərək onların tikinti sahəsində bacarıq qazanmasına şərait yaradır.

Maria Rios - zibil daşımaqdan milyonluq şirkətə

Maria Riosun hekayəsi isə birbaşa tullantıların daşınması biznesi ilə bağlıdır. O, universitetdə oxuyarkən tullantıların daşınması şirkətində çalışıb və gələcəkdə öz biznesini yaratmaq qərarına gəlib.
Təhsilini başa vurduqdan sonra bank krediti götürərək iki zibil maşını alıb və “Nation Waste” şirkətini qurub. Şirkət sonradan milyonlarla dollarlıq biznesə çevrilib. Rios biznesinin illik gəlirini 15 milyon dollardan yuxarı qaldırmağı hədəflədiyini bildirib.

Matt Malone - zibillikdən tapdıqlarını sataraq ildə 250 min dollar qazana biləcəyini deyirdi

Siyahının ən qeyri-adi nümunələrindən biri Matt Malonedur. O, şirkət yaratmaq əvəzinə atılmış əşyalar arasında dəyərli məhsullar axtarıb taparaq onları yenidən satmaqla məşğul olub.
Malone bunu tam zamanlı iş kimi etməsə də, məqalədə onun sözlərinə əsasən, bu fəaliyyətlə tam məşğul olacağı halda yenidən satışdan ildə təxminən 250 min dollar qazana biləcəyi qeyd olunur. O, hətta Ostində yaratdığı startapın maliyyələşdirilməsinin bir hissəsini bu fəaliyyətdən əldə etdiyi pulla təmin etdiyini bildirib.
Bu nümunələr göstərir ki, tullantıların təkrar istifadəsi yalnız ekoloji məsələ deyil, eyni zamanda müxtəlif biznes modellərinin yaranmasına imkan verən sahədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]