46 ildən sonra təmir edilən məktəbdə narazılıq: "Şagirdlər hər gün əlavə beş kilometr yol gedirlər" - VİDEO

28-09-2026, 16:44           
46 ildən sonra təmir edilən məktəbdə narazılıq:
Masallının Ərkivan qəsəbəsində yerləşən Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbdə aparılan təmir işləri narazılığa səbəb olub. 1980-ci ildə istifadəyə verilən məktəbin fəaliyyətə başladığı 46 il ərzində ilk dəfə təmir edildiyi bildirilir.

Baku TV-nin məlumatına görə, sakinlər iddia edirlər ki, hazırda məktəbdə əsaslı deyil, yalnız cari təmir işləri aparılır.


Onların sözlərinə görə, pəncərələr dəyişdirilsə də, sinif otaqları, akt və idman zalları, sanitariya qovşaqları və digər hissələr əsaslı təmirə ehtiyac duyur.

Təmir işləri ilə əlaqədar şagird və müəllim heyəti Zahir Nəcəfov adına 2 nömrəli tam orta məktəbə köçürülüb. Valideynlər bildirirlər ki, uşaqlar yeni məktəbə getmək üçün hər gün təxminən 3-5 kilometr əlavə yol qət etməli olurlar.

Sakinlər həmçinin məktəbin fasadında çatların olduğunu, elektrik naqillərində problemlər yarandığını və bəzi hissələrin təhlükəli vəziyyətdə qaldığını deyirlər. Onlar məktəbdə işlərin tam başa çatdırılmasını və binanın əsaslı təmir olunmasını istəyirlər.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin tam istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün əlavə təmir ehtiyacları qiymətləndirilib. Qeyd olunub ki, iyul ayından başlayan təmir işləri hazırda davam edir və işlər başa çatdıqdan sonra şagirdlərin təhsillərini öz məktəblərində davam etdirməsi mümkün olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]