Millyonçulaar Amerikanın bu şəhərini seviblər
28-09-2026, 17:34

ABŞ-nin Arizona ştatında yerləşən Skottsdeyl şəhəri ölkənin ən sürətlə böyüyən var-dövlət mərkəzinə çevrilib. Son 10 ildə şəhərdə yaşayan milyonçuların sayı iki dəfədən çox artıb.
“Henley & Partners” şirkətinin “USA Wealth Report 2025” hesabatına əsasən, 2014-2024-cü illərdə Skottsdeyldə milyonçuların sayı 125% artıb. Bu, ABŞ üzrə ən yüksək göstəricidir.
Təxminən 246 min nəfər əhalisi olan şəhərdə hazırda 14.800 milyonçu, sərvəti 100 milyon dolları ötən 64 şəxs və 5 milyarder yaşayır.
Milyonçuların sayındakı artıma görə sonrakı yerlərdə 112%-lə Vest-Palm-Biç, 98%-lə San-Fransisko körfəzi bölgəsi, 94%-lə Mayami və 92%-lə Vaşinqton qərarlaşıb.
Skottsdeyldə yaşamaq neçəyə başa gəlir?
“Zillow”un məlumatına görə, Skottsdeyldə evlərin median satış qiyməti 832.749 dollardır. Bu, ABŞ üzrə 357.275 dollarlıq orta göstəricidən 133% yüksəkdir.
Şəhərin “Happy Valley Ranch”, “Sonoran Hills”, “Desert Highlands”, “Pima Acres”, “Pinnacle Peak Heights”, “DC Ranch” və “Troon” kimi prestijli ərazilərində isə evlərin median qiyməti 1 milyon dollardan başlayaraq 3 milyon dolları və daha yüksək məbləğləri keçə bilir.
“Sperling’s BestPlaces”in hesablamasına görə, Skottsdeyldə bir nəfərin yaşaması üçün ayda orta hesabla 6.300 dollar, ailə üçün isə 11.520 dollar tələb olunur.
Vergilər, ərzaq, mənzil, uşağa qulluq, səhiyyə, nəqliyyat və digər əsas xərclər nəzərə alındıqda şəhərdə yaşayış dəyəri ABŞ üzrə orta göstəricidən 13% yüksəkdir.
Milyonçular niyə Skottsdeylə köçür?
Varlı insanların şəhərə marağının artmasının əsas səbəbləri arasında Skottsdeylin quru iqlimi, eksklüziv qolf klubları və yüksək səviyyəli yaşayış kompleksləri göstərilir. Şəhər xüsusilə imkanlı ailələr və təqaüdçülər üçün cəlbedici hesab olunur.
Bununla yanaşı, iqtisadi amillər də mühüm rol oynayır. Son illərdə Kaliforniyanın San-Fransisko körfəzi bölgəsi kimi iri var-dövlət mərkəzlərindən texnologiya sahibkarlarının Skottsdeylə axını müşahidə olunur. Feniksdə sürətlə inkişaf edən texnologiya sektorunun da bu tendensiyanı gücləndirdiyi bildirilir.
“Realtor.com”un məlumatları göstərir ki, Skottsdeyldə ən bahalı ev elanlarına ən böyük maraq Los-Anceles, Çikaqo və yaxınlıqdakı Tuson şəhərlərindən gəlir.
Şəhərin lüks daşınmaz əmlak bazarına daxil olmaq isə kifayət qədər böyük sərmayə tələb edir. Skottsdeyldə lüks kateqoriyalı daşınmaz əmlakın başlanğıc qiyməti 4 milyon dolları ötür.

