Cibimizə girən “oğru”: Abunəliklərə nə qədər pul gedir? - Ekspert deyir ki...
24-09-2026, 11:45

Son illər mobil rabitə, internet, onlayn platformalar və müxtəlif tətbiqlərin ödənişli xidmətlərindən istifadə geniş yayılıb.
Aylıq və illik abunəliklər ayrı-ayrılıqda böyük məbləğ yaratmasa da, bir neçə xidmətə eyni vaxtda ödəniş edən şəxslər üçün bu xərclər ailə büdcəsində nəzərəçarpacaq paya çevrilə bilər.
Bəzən isə istifadə olunmayan və ya nadir hallarda istifadə edilən xidmətlərə görə ödənişlərin davam etdirilməsi əlavə maliyyə yükü yaradır.
Bəs abunəlik xidmətlərinin sayının artması istehlakçıların xərcləmə vərdişlərinə necə təsir edir?
İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, bu gün ailə büdcəsində yalnız ərzaq, kommunal və nəqliyyat xərclərini nəzərə almaq kifayət etmir:
“Mobil operator, internet, onlayn platformalar, müxtəlif tətbiqlər, musiqi, film və digər rəqəmsal xidmətlər üçün ödənişlər də artıq daimi aylıq xərcə çevrilib. Ayrı-ayrılıqda bu məbləğlər kiçik görünür, amma ay ərzində onların cəmi ailə büdcəsi üçün ciddi rəqəm yarada bilər. Əsas problem odur ki, bu xərclər çox vaxt hiss olunmadan yaranır.
İnsan bir neçə manatlıq xidməti aktivləşdirir, sonra istifadə etməsə də, ödəniş avtomatik davam edir. Bir neçə belə xidmət üst-üstə düşəndə ailə hər ay istifadə etmədiyi xidmətlərə pul ödəyə bilər. Abunəlik modeli insanların xərcləmə davranışını da dəyişir.
Birdəfəlik böyük məbləğ daha çox diqqət çəkir, aylıq kiçik ödəniş isə o qədər də hiss olunmur. Nəticədə insan fərqinə varmadan çoxsaylı kiçik maliyyə öhdəlikləri yaradır. Ayın sonunda isə bu ödənişlərin ümumi məbləği kifayət qədər böyük olur”.
Onun sözlərin görə, burada ən sadə çıxış yolu bütün abunəlikləri bir yerdə hesablamaqdır:
“Mobil rabitə, internet, televiziya, tətbiqlər, film və musiqi platformaları, bulud xidmətləri – hamısının aylıq və illik xərcinə baxmaq lazımdır. Əgər xidmət istifadə olunmursa, onu saxlamağın iqtisadi mənası yoxdur.İstehlakçı avtomatik ödənişlərə də xüsusi diqqət etməlidir. Kartdan hər ay hansı xidmətə nə qədər pul çıxdığını yoxlamaq, tarif dəyişikliklərini izləmək və istifadə olunmayan xidmətləri vaxtında dayandırmaq lazımdır.
Çünki ailə büdcəsində ən təhlükəli xərclərdən biri məhz nəzarətdən kənarda qalan kiçik ödənişlərin yığılmasıdır. Bu gün rəqəmsal xidmətlər həyatımızın bir hissəsidir və onlardan istifadə etmək normaldır. Məsələ xidmətlərdən imtina etmək deyil, istifadə etdiyimiz xidmətə pul ödəməkdir”.
İqtisadçı qeyd edib ki, ailə büdcəsinə nəzarət etmək istəyən insan ayda bir dəfə bütün abunəliklərini nəzərdən keçirməli və il ərzində istifadə etmədiyi xidmətlərə nə qədər pul xərclədiyini hesablamalıdır.

