Bu insanlar xaricdə qazandıqları pulları Azərbaycana göndərdilər.

21-09-2026, 00:01           
Bu insanlar xaricdə qazandıqları pulları Azərbaycana göndərdilər.
Azərbaycan müstəqillikdən sonra güclü aclığa, səfalətə düşə bilərdi. Çox adam düşünür ki, xalqı neft qurtardı. Amma dünyaya neft çıxışımız 1999-cu ildə başladı, böyük pulları isə 2005-ci ildən qazanmağa başladıq.
O vaxta qədər Azərbaycanı aclıqdan Rusiya və Ukraynanın soyuğunum bazarlarında, Türkiyədə fəhləlik edib canını çürüdən kişilər qurtarıb. Onların çoxu fərqli iqlim və ağır həyat şəraitinə düşdüyü üçün dişlərini, saçlarını itirdi, ciddi xəstəliklər qazandı. Nə qədəri kriminalın, nasistlərin qurbanı olub həyatını itirdi.
Bu insanlar xaricdə qazandıqları pulları Azərbaycana göndərdilər. Həmin pullar ölkədə pul dövriyyəsinin yaranmasına, banklara dollar daxil olmasına kömək etdi. Qazandıqları ilə Azərbaycanda obyektlər tikdilər, fermalar qurdular. Çoxunu isə elə ölkənin özündə aldadıb müflis etdilər.
Həmin adamlardan hazırda birini də görmürəm ki, sağlam olsun. Soyuq, ağır və çətin həyat onların sağlamlığını məhv edib.
Məsələn, Türkiyədə yaşlı adamlara bir söz deyəndə qışqırırlar: “Mən Almaniyada işləyib Türkiyə iqtisadiyyatını ayaqda saxlayan adamam, mənimlə hörmətlə danış!” Həmin insanların çoxu bu gün xarici pensiya alır.
Bizdəkilər isə yaşlandılar, xəstə qayıtdılar. Rəsmi işləmədikləri üçün pensiyaları da ən minimal oldu. Halbuki, dediyim kimi, bu insanlar ölkədə həkim, müəllim, neftçi kimi çalışanlardan daha çox iqtisadi iş görüb: xaricdən pul qazanıb Azərbaycana göndəriblər.
Orxan Atabəy












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]