4 ATMACA, 6 ÇAKIR, 250 kilometrdən artıq zərbə radiusu: Azərbaycanın Xəzərdə yeni müdafiə arxitekturası – BARBAROS
13-11-2026, 15:48

...Dəniz üzərində hakimiyyət uzun əsrlər boyu yalnız güclü donanması olan dövlətlərin imtiyazı sayılırdı. Kim daha çox və daha iri gəmi çıxara bilirdisə, dəniz yollarına, sahillərə və limanlara da o nəzarət edirdi. 2022-ci ilin aprelində bu aksiom ciddi şəkildə sarsıldı. Faktiki olaraq donanması olmayan Ukrayna sahildən buraxdığı “Neptun” gəmi əleyhinə raketləri ilə Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan “Moskva” kreyserini batırdı. Sonrakı aylarda isə sahil raketləri, insansız dəniz platformaları və PUA-lar sayəsində Rusiya donanmasını Qara dənizin qərb hissəsindən geri çəkilməyə məcbur etdi.
Hərbi nəzəriyyədə “dənizə nəzarət” ilə “dənizin düşmənə qadağan edilməsi” arasındakı fərq həmin vaxtdan bəri yalnız akademik anlayış deyil, döyüş meydanında sübut edilmiş reallıqdır. Dənizə nəzarət böyük donanma tələb edir. Dənizi düşmənə qadağan etmək üçün isə sahildə gizlənmiş, mobil və dəqiq zərbə endirə bilən raket kompleksləri çox vaxt kifayət edir. ADEX 2026 sərgisində ROKETSAN ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında BARBAROS Sahil Mühafizə Sisteminə dair imzalanan müqaviləni məhz bu dərs fonunda oxumaq lazımdır. Bu müqavilə Azərbaycanın Xəzərdəki təhlükəsizliyini donanmanın ölçüsü ilə deyil, sahildən dənizə uzanan zərbə radiusu ilə təmin etmək məntiqinə əsaslanan strateji yanaşmanın göstəricisidir.
...Sistemin ən mühüm konseptual xüsusiyyəti eyni atıcı platformadan iki fərqli raketin istifadə edilə bilməsidir. Bu, sadə texniki rahatlıq deyil, sahil mühafizəsinin əsas dilemmasına verilən cavabdır. Dənizdən gələn təhdidlər eyni xarakter daşımır. Bir tərəfdə iri suüstü gəmilər, korvetlər və freqatlar, digər tərəfdə isə sürətli hücum katerləri, desant gəmiləri və kiçik suüstü vasitələr dayanır. Birinci qrup hədəflər üçün ağır döyüş başlığı və uzun mənzil, ikinci qrup üçün isə daha ucuz, daha çox sayda buraxıla bilən və daha çevik raketlər tələb olunur. Bütün hədəflərə qarşı yalnız ağır gəmi əleyhinə raketlərdən istifadə etmək həm iqtisadi baxımdan səmərəsizdir, həm də sursat ehtiyatını sürətlə tükəndirir. BARBAROS bu problemi atıcı qurğunun iki konfiqurasiyası ilə həll edir. Ağır zərbə konfiqurasiyasında platforma 4 ATMACA, çoxməqsədli taktiki konfiqurasiyada isə 6 ÇAKIR raketi daşıyır. Bu, batareya komandirinə təhdidin xarakterinə uyğun olaraq vasitə seçmək imkanı verir və hər hədəfə onun dəyərinə mütənasib sursat sərf etmək prinsipini təmin edir.
Şahin Qocayev

