Quterreş: “Qlobal istiləşmə ilə mübarizədə həlledici məqam gəlib çatıb”
9-11-2026, 12:34

BMT-nin Baş katibi Antonio Quterreş dünya liderlərini iqlim dəyişikliyi ilə mübarizədə təcili və daha təsirli addımlar atmağa çağırıb. O bildirib ki, bəşəriyyət qlobal istiləşmə ilə mübarizədə artıq həlledici məqamdadır.
“Associated Press” agentliyinə müsahibəsində Quterreş bu barədə noyabrın 9-da Türkiyədə başlayacaq BMT-nin COP31 iqlim konfransı ərəfəsində danışıb.
“Artıq gözləyə bilmərik, məsuliyyəti bir-birimizin üzərinə atdığımız sonsuz müzakirələrə son qoyulmalıdır. Hər kəs daha çox iş görməli və bunu indi etməlidir”, – deyə BMT rəhbəri vurğulayıb.
İlin sonunda ikinci və sonuncu səlahiyyət müddəti başa çatacaq Quterreş bildirib ki, ötən il alimlərlə məsləhətləşmələr zamanı Paris Sazişinin qlobal istiləşməni sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq hədəfinin artıq əlçatmaz olduğunu öyrənməsi onun üçün ağır zərbə olub.
O, yaranmış vəziyyətə görə dünyanın deyil, siyasi liderliyin uğursuzluğa düçar olduğunu bildirib.
Quterreşin sözlərinə görə, bərpa olunan enerji mənbələrinin, xüsusilə günəş və külək enerjisinin sürətlə inkişafı müəyyən ümidlər yaradır. Bununla belə, müharibələr və süni intellekt texnologiyalarının artan enerji istehlakı iqlim problemlərini daha da mürəkkəbləşdirir.
BMT rəhbəri iqlim dəyişikliyinin ağır nəticələrinə də diqqət çəkib. O, Nepalda buzlaqların əriməsi nəticəsində yaranan daşqın və torpaq sürüşmələrinin proqnozlaşdırıldığından daha tez baş verdiyini, avqust ayında baş verən fəlakətlərdə 1 400-dən çox insanın öldüyünü, 5 600 nəfərin isə itkin düşdüyünü xatırladıb.
Quterreş hesab edir ki, iqlim dəyişikliyindən ən çox zərər çəkən ölkələrə yardım göstərilməsi üçün fosil yanacaq şirkətlərinin rekord mənfəəti əlavə vergiyə cəlb edilməlidir.
O, BMT-nin baş katibi postunun real siyasi və maliyyə imkanlarının məhdud olduğunu, lakin qurumun ən mühüm vasitəsinin dünyaya həqiqəti çatdırmaq imkanına malik səsi olduğunu vurğulayıb.
Quterreş özündən sonra bu vəzifəni tutacaq şəxsə də üç sözdən ibarət tövsiyə verib: “Artıq həqiqəti söyləyin”.
BMT rəhbəri dünya ictimaiyyətini iqlim dəyişikliyinə laqeyd yanaşmamağa çağıraraq bunun bəşəriyyətin mövcudluğu üçün ciddi təhlükə olduğunu bildirib.

