Husilərə qarşı cəbhə genişlənir: Pakistan Yəməndə hərbi gücünü işə saldı

Bu gün, 09:24           
Husilərə qarşı cəbhə genişlənir:
“The New York Times” nəşri yüksəkvəzifəli mənbəyə istinadən Pakistanın Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara birbaşa qoşulduğunu yazıb. Bildirilir ki, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar artıq Yəməndə husilərin mövqelərinə zərbələr endirir.

İslamabadın əvvəlki mərhələdə yalnız siyasi və mənəvi dəstək verdiyini açıqlaması fonunda bu addım Pakistanın münaqişədə hərbi iştirakını gündəmə gətirir.
Maraqlıdır, Pakistanın Yəməndə husilərə qarşı hərbi əməliyyatlara birbaşa qoşulması regionda hərbi-siyasi vəziyyətə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Tural İsmayılov açıqlama verib.

Politoloq qeyd edib ki, Pakistanın Yəməndə husilərə qarşı həyata keçirilən hərbi əməliyyatlara birbaşa qoşulması Yaxın Şərqdə təhlükəsizlik dinamikasının yeni mərhələyə daxil olduğunu göstərən mühüm hadisə kimi qiymətləndirilə bilər:

"Burada əsas məqam İslamabadın Səudiyyə Ərəbistanı ilə strateji və qardaşlıq münasibətlərinin təhlükəsizlik sahəsində daha konkret müstəviyə keçməsidir. Pakistanın hərbi potensialı və regional çəkisi nəzərə alındıqda, onun prosesə cəlb olunması Səudiyyə Ərəbistanının təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirən amildir.

Pakistanın bu addımı eyni zamanda onun Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin təmin olunmasına verdiyi önəmin göstəricisidir. İslamabad uzun illər ərzində Səudiyyə Ərəbistanı ilə müdafiə və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edib. Bu baxımdan Pakistanın prosesdə iştirakı iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın yeni şəraitdə praktiki müstəvidə təzahürü kimi nəzərdən keçirilə bilər.

Hərbi baxımdan Pakistan Hərbi Hava Qüvvələrinin prosesə cəlb olunması Səudiyyə Ərəbistanının husilərin raket və pilotsuz uçuş aparatı imkanlarına qarşı mübarizədə əlavə imkanlar əldə etməsi deməkdir".

Tural İsmayılov onu da vurğulayıb ki, Pakistanın hərbi təcrübəsi və texniki imkanları əməliyyatların effektivliyinə təsir göstərə biləcək mühüm faktorlardandır:

"Bu iştirak həmçinin Səudiyyə Ərəbistanının təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısının alınmasında regional tərəfdaşlığın əhəmiyyətini nümayiş etdirir.

Digər mühüm məsələ Pakistanın müsəlman dünyasında xüsusi siyasi və mənəvi nüfuza malik olmasıdır. Buna görə İslamabadın mövqeyi yalnız hərbi parametrlərlə ölçülməməlidir. Pakistanın prosesdə iştirakı Yaxın Şərqdə təhlükəsizlik məsələlərinin regional dövlətlərin daha sıx koordinasiyasını zəruri etdiyini də göstərir.

Bu baxımdan Pakistan-Səudiyyə Ərəbistanı əməkdaşlığı daha geniş regional təhlükəsizlik mexanizmlərinin formalaşmasına təsir göstərə bilər.

Pakistanın İranla münasibətləri də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. İslamabad Tehranla qonşuluq münasibətlərini qorumaqla yanaşı, Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaşlığını da inkişaf etdirir. Bu xüsusiyyət Pakistanın regional diplomatiyasını fərqləndirən mühüm amildir. Yəmən məsələsindəki hərbi iştirak da məhz bu çoxşaxəli regional siyasət çərçivəsində qiymətləndirilə bilər.

Pakistanın hərbi iştirakı məhdud və konkret təhlükəsizlik məqsədlərinə xidmət edərsə, bu, husilərin imkanlarının məhdudlaşdırılması və Səudiyyə Ərəbistanının təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm nəticələr doğura bilər.

Eyni zamanda Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyinin təmin olunması və beynəlxalq ticarət marşrutlarının qorunması baxımından da belə bir əməkdaşlığın əhəmiyyəti artır.

Pakistanın hərbi və diplomatik potensialı nəzərə alındıqda, onun Yəmən prosesində iştirakı ölkənin Yaxın Şərqdə təhlükəsizlik məsələlərində artan rolunu göstərir. İslamabadın Səudiyyə Ərəbistanı ilə münasibətləri çərçivəsində atdığı bu addım regional təhlükəsizlik mexanizmlərində Pakistan faktorunun çəkisini də artırır".

Pərvin Şakirqızı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]