ABŞ və Çin süni intellektdə liderlik uğrunda nəhəng vəsaitlər xərcləyir.
5-10-2026, 00:05

O vaxt Sovetlər və Amerika soyuq savaşa girməsəydi, bu gün smartfon, internet və müasir kompüter texnologiyalarımız indiki səviyyədə olmazdı.
Aya ilk insanı göndərmək uğrunda yarışda Amerika NASA-ya nəhəng büdcə ayırdı, dünyanın ən güclü alimlərini və mühəndislərini bir layihənin ətrafında topladı. Dövlətin verdiyi böyük sifarişlər universitetləri, laboratoriyaları və özəl şirkətləri yeni texnologiyalar yaratmağa məcbur etdi.
Nəticədə mikroelektronika, kompüterlər, rabitə və kosmik texnologiyalar sürətlə inkişaf etdi. Peyk texnologiyaları böyük sıçrayış yaşadı, GPS-in təməli qoyuldu. Sonradan bu texnologiyalar kosmik sahədən çıxaraq mülki iqtisadiyyata yayıldı.
Yəni NASA sadəcə Ayı öyrənmədi. Kosmosa getmək uğrunda yarış bütöv bir texnoloji ekosistemi sürətləndirdi.
İndi oxşar proses süni intellekt sahəsində gedir.
ABŞ və Çin süni intellektdə liderlik uğrunda nəhəng vəsaitlər xərcləyir. Ən güclü alimlər, mühəndislər, çiplər, data mərkəzləri və investisiyalar bu sahəyə yönəlir. 1960-cı illərdə necə kosmik yarışın ətrafında böyük elmi-texnoloji səfərbərlik yaranmışdısa, indi də buna bənzər proses AI ətrafında gedir.
Bu dəfə məqsəd insan səviyyəsinə yaxın və ya ondan üstün süni intellekt yaratmaq, onun hesabına istehsalı, elmi araşdırmaları və iqtisadiyyatı kəskin sürətləndirməkdir.
Əgər bu yarışda istədiklərinə çatsalar, dünya tamamilə yeni bir mərhələyə qədəm qoyacaq. Və məncə, ilk illərdə dünya nə baş verdiyini tam anlamayacaq.
Çünki süni intellekt təkcə kompüter proqramı olaraq qalmayacaq. Robotlarla birləşəndə fabriklərdə, anbarlarda, logistika mərkəzlərində, ofislərdə və xidmət sektorunda milyonlarla işi görə biləcək.
Bu yarışdan kənarda qalan ölkələr isə çox ciddi geri qalacaq. Xüsusilə Avropanın qarşısında böyük risk var. Texnologiyanın istehsalçısı yox, onun istifadəçisinə çevriləcək.
Orxan Atabəy

