Qafqazın “yeni sahibi” hansı qlobal güc olacaq: - Rusiya Türkiyə və ABŞ ilə rəqabətə tab gətirmir

3-10-2026, 00:09           
Qafqazın “yeni sahibi” hansı qlobal güc olacaq: -
Rusiya öz hərbi mövcudluğunu hələ saxlasa da, Ermənistanın iqtisadi və siyasi məkanında əvvəlki monopolist mövqeyini qorumaqda getdikcə, daha ciddi müqavimətlə üzləşir... Cənubi Qafqazdakı kəskin ziddiyyətlərin fonunda Türkiyə, Azərbaycan, Avropa Birliyi və ABŞ-ın da iştirak etdiyi çoxvektorlu sistem üzrə regionun yeni geopolitik xəritəsi formalaşır...
Cənubi Qafqazda onilliklər boyu mövcud olmuş geopolitik düzən artıq sürətlə dəyişməyə başlayıb. Belə ki, Rusiya bu regionda əvvəlki hərbi, siyasi və iqtisadi təsir imkanlarını qorumaqda açıq-aşkar çətinlik çəkir. Buna paralel olaraq, Türkiyənin Azərbaycanla strateji ittifaqı, Gürcüstanla geniş tərəfdaşlığı və Ermənistanla normallaşma prosesi rəsmi Ankaranın regional təsir imkanlarını ciddi şəkildə artırır. Və Ermənistanın siyasi dairələrində bu barədə aparılan müzakirələr yeni geopolitik dəyişimin artıq İrəvanda da tədricən etiraf edildiyini göstərir.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinə yaxın siyasi dairələrdə Türkiyənin Cənubi Qafqazda geopolitik mövqeyinin güclənməsindən müəyyən narahatlığın keçirildiyi müşahidə edilir. Xüsusilə də, rəsmi Ankaranın Türkiyənin hərbi müttəfiqi Azərbaycan və strateji tərəfdaşı Gürcüstanla yanaşı, Ermənistan daxilində də siyasi təsir imkanları qazana biləcəyinə yönəlik ehtimallara ehtiyatla yanaşılır. Və Cənubi Qafqazdakı geopolitik proseslərdə Rusiyanın düşdüyü ağır vəzuyyətlə rəsmi Ankaranın öz təsir imkanlarını artırmasının müqayisəsi nəticəsində belə qənaətlər formalaşıb ki, Türkiyə bu regionda artıq dominant gücdür.

Bütün bunlar isə onu göstərir ki, Cənubi Qafqazda qüvvələr nisbətinin sürətlə dəyişməkdə olduğu artıq yalnız Türkiyə, Azərbaycan və ya Qərb paytaxtlarında müzakirə olunan proses deyil. Çünki Rusiyanın Ermənistandakı iqtisadi dayaqlarının da zəifləməsi ümumi regional situasiyanın önəmli tərkib hissəsidir. Buna ən son örnək kimi, “Tехut” mis-molibden yatağı ilə bağlı baş verən önəmli dəyişikliyi göstərmək olar. Belə ki, Rusiyanın VTB bankının nəzarətində olmuş aktivin satışı 2026-cı ilin sentyabrında başa çatıb. Və indi bu yatağın 100 faizlik mülkiyyəti ABŞ-da qeydiyyatdan keçmiş “Dynamic Frontier Holdings” şirkətinə məxsusdur.

Əslində, bunu sadəcə, bir kommersiya sövdələşməsi kimi də qiymətləndirmək olardı. Ancaq geopolitik kontekstdə bu sövdələşmə daha geniş geoiqtisadi situasiya yaradır. Belə ki, Rusiyanın Ermənistan iqtisadiyyatındakı ən önəmli aktivlərindən biri artıq Kremlin nəzarətindən çıxır. “Tехut”un vaxtilə Rusiyanın VTB bankının nəzarətinə keçməsi Kremlin Ermənistanın maliyyə sektorundakı təsirini göstərirdi. Və indisə, həmin aktivin ABŞ kapitalı ilə bağlı bir şirkətin nəzrətinə keçməsi geoiqtisadi prosesin Rusiyanın əleyhinə yönəlməkdə olduğunu biruzə verir.

Ancaq Rusiyanın Ermənistandakı hərbi-siyasi mövcudluğu ilə bağlı vəziyyət isə hələlik tamamilə fərqli məzmun daşıyır. Belə ki, rəsmi İrəvan son vaxtlar Gümrüdəki 102-ci Rusiya hərbi bazasının gələcək taleyi ilə bağlı məsələni mümkün qədər daha tez-tez gündəmə gətirməyə çalışır. Bununla belə, Kreml Rusiya hərbi bazasının Ermənistandan çıxarılması barədə rəsmi İrəvandan heç bir müraciət almadığını ön plana çəkir. Və üstəlik, Kreml bu Rusiya hərbi bazasını yalnız Ermənistanın, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının ən fundamental mexanizmi hesab edir.

Təbii ki, bütün bunlara əsasən, Rusiyanın regiondakı təsir dairəsinin ciddi şəkildə daralması barədə müxtəlif arqumentlər irəli sürmək mümkündür. Ancaq Rusiyanın Cənubi Qafqazdan artıq tamamilə çıxdığını iddia etmək də hələlik çox tezdir. Çünki Rusiya Gümrüdəki hərbi bazasının toxunulmazlığını hələ təmin edə bilir. Və üstəlik, region ölkəsi olan Ermənistan da Rusiya ilə müxtəlif hərbi, iqtisadi, eləcə də siyasi mexanizmlərdən tam ayrılmağa nail olmayıb.

Bununla belə, Cənubi Qafqazın nəqliyyat-kommunikasiya xəritəsində baş verməkdə olan önəmli dəyişikliklər Rusiyanın regionda uzunmüddətli təsir imkanları baxımından, daha ciddi nəticələr vəd edir. Belə ki, birbaşa ABŞ tərəfindən də dəstəklənən TRIPP layihəsi Ermənistan üzərindən Azərbaycanla Naxçıvan arasında nəqliyyat-kommunikasiya bağlantısının yaradılmasına yönəldilib. Üstəlik, bu geoiqtisadi layihənin daha genişmiqyaslı Transxəzər marşrutlarına birbaşa çıxışının təmin oluması da nəzərdə tutulur. Ermənistan və ABŞ arasında imzalanmış çərçivə sənədində isə bu layihənin rəsmi İrəvanın yurisdiksiyası çərçivəsində həyata keçiriləcəyi vurğulanır.

Maraqlıdır ki, məhz bu geoiqtisadi proses Türkiyənin Cənubi Qafqaz üçün strateji əhəmiyyətini daha da artıran əsas faktorlardan biri hesab olunur. Çünki TRIPP layihəsi Azərbaycanı Naxçıvan vasitəsilə məhz Türkiyəyə bağlayan yeni marşrut anlamı daşıyır. Eyni zamanda, bu layihənin Türkiyə vasitəsilə rəsmi Ankaranın daha genişmiqyaslı Orta Dəhliz strategiyasının tərkib hissəinə çevriləcəyi də qətiyyən şübhə doğurmur. Ona görə də, Qərb siyasi dairələri TRIPP layihəsini həm də Türkiyənin Orta Dəhliz siyasətinin ən önəmli komponentlərindən biri kimi dəyərləndirirlər.

Üstəlik, bütün bunlara paralel olaraq, hazırda Türkiyə-Ermənistan münasibətlərində də iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində konkret addımların atıla biləcəyi mərhələ başlanmış kimi görünür. Belə ki, hətta rəsmi Ankara Türkiyə və Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqların artıq tamamlandığını da açıqlayıb. Və bu, iki dövlət arasında sərhədlərin tamamilə açılması demək olmasa da, hər halda, uzun onilliklər ərzində qapalı qalmış iqtisadi münasibətlərin mərhələli şəkildə tədricən dəyişə biləcəyini göstərir.

Göründüyü kimi, hazırda Cənubi Qafqazda sürətlə dəyişməkdə olan geopolitik situasiyanı yalnız Türkiyə-Rusiya rəqabəti ilə izah etmək mümkün deyil. Çünki Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, Azərbaycan-Ermənistan sülh prosesi, Türkiyə-Ermənistan normallaşması, eləcə də, TRIPP və Orta Dəhliz kimi önəmli geostrateji layihələr bu regionu yeni iqtisadi və nəqliyyat-kommunikasiya sisteminə bağlamağa başlayıb. Və bu baxımdan, Cənubi Qafqazın Avropa ilə Asiya arasında yeni nəqliyyat-kommunikasiya bağlantılarının əsas mərkəzinə çevrilmə potensialı kifayət qədər yüksək hesab olunur.

Məhz ona görə də, Ermənistanın siyasi dairələrində ön plana çıxmaqda olan “Türkiyə regionda dominant gücdür” qənaəti, yalnız hərbi-siyasi təsir faktoru deyil, həm də logistika, enerji, iqtisadi-ticari və investisiya əlaqələrinin yenidən qurulmasına yönəlik önəmli prosesin ilkin nəticələrinə yanaşma tərzi kimi də qəbul oluna bilər. Bu baxımdan, Cənubi Qafqazda əsas dəyişiklik kimi, məhz Rusiyanın əvvəlki regional təsir modelinin tədricən alternativ bağlantılarla əvəzlənməkdə olduğunu nəzərə almaq lazım gəlir. Bu önəmli geostrateji bağlantılar isə Türkiyənin Azərbaycan və Gürcüstanla mövcud əlaqələri sayəsində rəsmi Ankaranın regional çəkisini daha da genişləndirir. Rusiya isə hərbi mövcudluğunu hələ saxlasa da, Ermənistanın iqtisadi və siyasi məkanında əvvəlki monopolist mövqeyini qorumaqda getdikcə, daha ciddi müqavimətlə üzləşir. Və məhz bütün bu regional ziddiyyətlərin fonunda Türkiyə, Azərbaycan, Avropa Birliyi və ABŞ-ın da iştirak etdiyi çoxvektorlu sistem üzrə Cənubi Qafqazın yeni geopolitik xəritəsi formalaşır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]