İlon Mask "Anthropic" rəhbərinin süni intellektlə bağlı dediklərini dəstəklədi: “Dario haqlıdır”
13-09-2026, 10:14

"Anthropic" rəhbəri süni intellekt yarışının yavaşladılmasını təklif edib və xəbərdarlıq edib ki, heç bir tədbir görülməsə, İI agentləri yaxın 6-12 ay ərzində bütün interneti “ələ keçirə” bilər
Milyarder və texnologiya sahibkarı İlon Mask “Anthropic” şirkətinin baş direktoru Dario Amodeinin süni intellektin inkişaf tempinin yavaşladılması ilə bağlı çağırışını dəstəkləyib.
Bestmedia.az xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Dario Amodei süni intellekt sistemləri arasında gedən yarışın qarşısının alınması və inkişaf prosesinin daha nəzarətli şəkildə həyata keçirilməsi üçün üçmərhələli plan təklif edən proqram xarakterli esse yayımlayıb.
“Anthropic” rəhbərinin sözlərinə görə, son aylarda süni intellekt texnologiyalarının inkişafının nəzarətdən çıxa biləcək qədər sürətləndiyinə əmin olub.
Amodei xəbərdarlıq edib ki, heç bir tədbir görülməzsə, süni intellekt agentlərinin yaratdığı böyük şəbəkə yaxın 6-12 ay ərzində “bütün interneti ələ keçirə” biləcək səviyyəyə çata bilər.
İlon Mask isə bu təşəbbüsə olduqca qısa reaksiya verib. “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Amodeinin paylaşımını şərh edərək sadəcə “Dario haqlıdır” yazıb.
Bu mövzu süni intellekt texnologiyalarının sürətli inkişafı ilə bağlı təhlükəsizlik müzakirələrini yenidən gündəmə gətirib. Son dövrlərdə texnologiya şirkətləri, alimlər və ekspertlər daha güclü süni intellekt sistemlərinin nəzarətsiz inkişafının mümkün riskləri barədə müxtəlif xəbərdarlıqlar edirlər.
Qeyd edək ki, bundan əvvəl 25 tanınmış riyaziyyatçı, o cümlədən nüfuzlu Filds mükafatı laureatları süni intellektin riyaziyyat elminə və bu sahənin mütəxəssislərindən ibarət icmaya zərər vurduğunu bildiriblər.
Alimlərin fikrincə, süni intellekt şirkətlərinin riyazi məsələlərin həllini neyroşəbəkələrin imkanlarını nümayiş etdirmək vasitəsinə çevirməsi riyaziyyat elminin inkişafına real fayda vermir.

