Azərbaycana görə heç vaxt Ermənistanla münasibət qurmayan Pakistan İrəvana ilk səfirini göndərdi
12-09-2026, 12:32

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Pakistan Ermənistanla illərlə diplomatik münasibət qurmayıb. İndi isə iki ölkə arasında əlaqələrin yeni mərhələsi başlayıb
Pakistanın Ermənistanda ilk fövqəladə və səlahiyyətli səfiri Şavkat Əli Xan etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib.
Bestmedia.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, Pakistan dünyada uzun illər Ermənistanı tanımayan və onunla diplomatik münasibətlər qurmaqdan imtina edən yeganə ölkə olub. Bunun əsas səbəblərindən biri Pakistanın Azərbaycanla strateji və dostluq münasibətlərinə malik olması, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan torpaqlarının işğal altında qalması ilə bağlı Pakistanın tutduğu mövqe idi.
Pakistan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu səbəbdən indiyədək Ermənistanla diplomatik münasibətlər qurmayıb.
Lakin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin fonunda Pakistan və Ermənistan arasında da diplomatik əlaqələrin qurulması istiqamətində addımlar atılıb.
Xatırladaq ki, 31 avqust 2025-ci ildə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalayıblar.
Bununla da Pakistanın Ermənistanı tanımayan yeganə dövlət statusu başa çatıb. İndi isə iki ölkə arasında diplomatik nümayəndəliklərin formalaşdırılması prosesi davam edir və Şavkat Əli Xanın Ermənistana ilk səfir təyin edilməsi bu prosesin mühüm mərhələlərindən biri hesab olunur.

