Ucuz platformadan böyük zərbə: KAYRA dənizdə döyüşün dəyər nisbətini dəyişir FOTO
9-09-2026, 07:24

Regionun bir nömrəli hərbi saytından oxuyun 😉
Hərb tarixində bəzi silah növləri yeni texnologiyanın deyil, yeni hesablamanın məhsulu olur. Onların gücü mürəkkəb konstruksiyada yox, tərəflər arasındakı dəyər nisbətini kökündən dəyişməsində gizlənir. Son illərin dəniz əməliyyatları göstərdi ki, onlarla milyon dəyərində olan döyüş gəmisini məhv etmək üçün mütləq eyni sinifdən gəmiyə və ya ağır raket kompleksinə sahib olmaq lazım deyil, kifayət qədər sürətli, kifayət qədər kiçik və kifayət qədər ucuz bir gövdə həmin nəticəni verə bilər.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Hərbi Dəniz Qüvvələrinə səfəri zamanı təqdim olunan KAYRA Kamikadze İnsansız Dəniz Platforması (İDP) məhz bu məntiqin məhsuludur. Rəsmi təqdimat lövhəsinə əsasən, onun ümumi uzunluğu 7,6 metr, eni 2,6 metrdir, hərəkətetdirmə sistemi 2 ədəd 300 at gücündə xarici mühərrikdən ibarətdir və sürəti 60 düyünə çatır. Gövdəsi kompozit materialdandır, fasiləsiz üzmə məsafəsi 300 dəniz milidir, davamlı hərəkət sürəti isə 45 düyündən yuxarıdır.
...Buna baxmayaraq, peyk rabitə anteninin saxlanması prinsipial məsələdir və platformanın əsl əməliyyat radiusunu müəyyənləşdirir. 300 dəniz mili məsafəyə çıxan vasitə üçün adi radiorabitə kanalı yararsızdır, çünki görmə xətti ilə məhdudlaşan siqnal onlarla mil sonra kəsilir. Peyk kanalı isə platformanın üfüqün arxasında, sahildəki idarəetmə mərkəzindən yüzlərlə kilometr uzaqda nəzarətdə saxlanmasına imkan verir. Bu isə KAYRA-nı sadəcə sahil müdafiə vasitəsindən çıxarıb hövzə miqyaslı zərbə alətinə çevirir. L diapazonlu radiotezlikli kanal isə ehtiyat və qısa məsafəli idarəetmə xətti kimi işləyir. Platforma sahildən və ya müşayiətedici vasitədən buraxıldıqda, habelə peyk kanalının pozulduğu vəziyyətdə istifadə olunur. İki müstəqil rabitə kanalının mövcudluğu radioelektron təsirə qarşı sadə, lakin effektiv qorunma üsuludur.
...KAYRA-nın konstruksiyasındakı ən qeyri-adi cəhət isə onun həm insansız, həm də insanlı rejimdə istifadə oluna bilməsidir. Bu, kamikadze təyinatlı vasitələr arasında nadir həldir və bir neçə praktiki üstünlük yaradır. Birincisi, sülh dövründə platforma patrul, müşayiət, kəşfiyyat, hətta şəxsi heyətin hazırlığı üçün tam dəyərli sürətli kater kimi istifadə olunur. Bu, hər tapşırıq üçün ayrıca vasitə saxlamaq zərurətini aradan qaldırır.
Şahin Qocayev


