ABŞ Ukrayna müharibəsində Rusiyadan yanadır? - "Nə Çin, nə Avropanın nüfuz qazanması üçün..."

8-09-2026, 09:44           
ABŞ Ukrayna müharibəsində Rusiyadan yanadır? -
“Tramp meydanı Çin və Avropaya buraxmaq istəmir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

Politoloq Rusiya – Ukrayna müharibəsində ABŞ-nin səssizliyindən danışıb:

“Trampın nümayəndələrinin Putinlə görüşü onu göstərir ki, ABŞ yenidən tərəflər arasında vasitəçiliyi aktivləşdirmək istəyir. Nəzərə alaq ki, Amerikanın əvvəlki dövrlərdə də belə səyləri olub. İran – İsrail müharibəsinin başlaması bu danışıqları ikinci plana atıb. ABŞ bir müddət idi ki, Ukrayna – Rusiya müharibəsindəki aktivliyinə fasilə vermişdi, indi yenidən bərpa etmək istəyir. Ona görə ki cəbhədə vəziyyət gərgindir və Avropa dövlətləri Ukrayna üzərində öz hakimiyyətlərini daha da gücləndirməyə səy göstərirlər. Yardımlar edilir, Ukraynaya ABŞ-dən daha çox yardım etdiklərini göstərməyə çalışırlar. ABŞ bu təşəbbüsü Avropaya buraxmaq istəmir”.

Z. Əmrəliyev digər səbəbin isə Amerikanın ən böyük rəqibi olan Çin olduğunu qeyd edib:

“Digər məsələ isə odur ki, Çin özü Rusiyada güclənir. Faktiki olaraq rəsmi Pekin Moskvanı özündən asılı vəziyyətə salmaq siyasətini həyata keçirir. Təsadüfi deyil ki, yaxın zamanda Çinin minaaxtaranları Rusiyaya səfər edəcək, orduya təlim keçəcəklər. Həm hərbi, həm iqtisadi cəhətdən Çin Rusiyanı özündən asılı vəziyyətə salmaqda davam edir. ABŞ nə Çin, nə Avropanın nüfuz qazanması üçün maksimum formada hər iki dövlət üçün əsas sülh yaradıcısı missiyasını həyata keçirməyə çalışır. Rusiya isə yenə də öz dediyini deyir və Donbas bölgəsini tamamilə özünə verilməsini tələb edir. Bu isə Ukrayna üçün qəbulounmazdır. Ukrayna tərəfi haqlı olaraq hər hansı ərazi güzəştini qəbul etmir. Nəzərə alaq ki, Rusiya Donbası illərdir işğal edib başa çatdıra bilməyib”.

Nurlan Cəfəri












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]