Vüqar Oruc: “Ətin maya dəyəri bütün xərclərlə birlikdə 16-17 manata qədər yüksəlir”
3-10-2026, 09:34

Vətəndaş Seymur Həzi “Facebook” sosial hesabında bildirir ki, Azərbaycanda ət bazarında ciddi qiymət fərqi var.
O deyir: “Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin ilk 8 ayında ölkəyə 32,6 min ton ət gətirilib və onun ümumi dəyəri 75,16 milyon dollar olub. Sadə hesablama aparanda məlum olur ki, idxal olunan ətin 1 kiloqramının qiyməti təxminən 2,35 dollardı. Bu, 1 kiloqram ətin idxal qiymətinin təxminən 4 manat olduğunu göstərir. Lakin Azərbaycanda həmin ət 18-19-20 manat və daha yüksək qiymətə satılır. Onun sözlərinə görə, bu, 5 dəfəyə çatan qiymət fərqi korrupsiya halıdır. Azərbaycan əhalisi bu bahalaşmadan əziyyət çəkir. İnsanlar aylarla, hətta illərlə ət ala bilmirlər”.
Seymur Həzi deyir ki, əhali dükanlarda ət sata bilmir. Qida Təhlükəsizliyi Agentliyi ət dükanlarını bağlatdırır, cərimə yazır.
Azərbaycana 4 manata idxal olunan ət niyə ölkə daxilində 19-20 manat və daha yüksək qiymətə satılır?
Bu qədər böyük qiymət fərqinin səbəbi nədir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Bizimyol.info xəbər portalına bildirib ki, vətəndaşın hesablamaları DGK-nin verdiyi məlumatlar əsasındadır: “Dünya bazarında 4 manata ət yoxdur. Əgər ət 4 manata olsa, həmin 4 manata əti qardaş Türkiyə idxal edər və öz bazarında kifayət qədər ucuzluq yarada bilər. Yəni 4 manata ət yoxdur. Xaricdən gələn ətin də yerli istehsalın da maya dəyəri bütün xərclərlə bərabər təqribən 16-17 manata qədər yüksəlir. Sahibkarın, yaxud satış mərkəzinin oradan əldə etdiyi ümumi məbləğin təqribən 10-15 faizi civarındadır”.
Vüqar Oruc deyir: “Ümumiyyətlə, dünya biznes mühitində 4 dəfə, 5 dəfə gəlir əldə etmək imkanları yoxdur. Belə olsa, həmin sahəyə kifayət qədər böyük investisiya yatırılar, böyük müəssisələr məhz həmin ticarətlə məşğul olar. Az-çox biznes mühitindən məlumatlı olan adam bilir ki, belə hal mümkün deyil. Burada vətəndaşın da günahı yoxdur. Çünki vətəndaş statistikalardan çıxış edərək ümumi məbləği ona sərf olunan çəkiyə bölərək həmin 4 manatı hesablayıb. Vətəndaşda problem ola bilməz. Sadəcə həmin informasiyalar nə qədər həqiqətə uyğun olub-olmadığı sual altındadır. Ola bilsin ki, rəqəmlərdə hər hansı texniki səhv olub. Çünki dünya bazarında 4 manata ət yoxdur. Ətin maya dəyərini istər dünyada, istər Azərbaycanda formalaşdıran elementlər var: Saxlama yerləri, işçi qüvvəsi, iri buynuzlu və xırda buynuzlu mal -qara üçün yem tədarükü, zoohəkim müayinələri, müxtəlif dərmanların verilməsi, zootexnik qulluqlar və s. Bunlar həyat keçirildikə hamısı bir yerdə ətin maya dəyərini təşkil edir. Eyni zamanda bayaq qeyd etdiyim kimi əgər Azərbaycanda bu manatla ölçülürsə, xarici bazarda bu dollar və avro ilə ölçülür. Elə ucuz qiymətə ət tapmaq dünya bazarında mümkün deyil. Əgər 4 manata ət olsa, dəllallar həmin fürsətdən yararlanarlar və böyük gəlirlə əldə edərlər. Bu düzgün məlumat deyil”.
Vüqar Orucun sözlərinə görə, xaricdən onsuz da gətirilən, idxal olunan mallar günü-gündən bahalaşır: “İnsanların ölkəmizdə ət ala bilmə imkanlarına qaldıqda bunun üçün kənd təsərrüfatında təşviq proqramlarının həyata keçirilməsi lazımdır. Xaricdən ət idxal olunması burada yardımçı xarakter daşıya bilər. Böyük həcmdə yerli istehlak tələbini ödəmək üçün mütləq yerli iri buynuzlu və xırda buynuzlu mal-qaranın sayının artırılması, onların illik istehsal çəkisinin artırılmasına çalışmaq lazımdır. Öz daxilimizdə öz tələblərimizi ödəmək üçün kənd təsərrüfatının müvafiq sahəsi genişləndirilməlidir. Dövlət proqramları, təşviq proqramları bu istiqamətdə işə düşməlidir. Yəni xaricdən onsuz da gətirilən, idxal olunan mallar günü-gündən bahalaşır. Logistika xərcləri də bahalaşıb. Hətta ət məhsullar içərisində o qədər də məşhur olmayan toyuq ətləri və filelər hal-hazırda bazarda yarım kq ətin qiymətinə satılır. Əvvəllər bu nisbət 2,5 dəfə idi. Yəni 300 qr ət məhsulu 1 kq toyuq ətinin qiymətinə idi. Amma indi o qədər yüksəlib ki, artıq yarı qiymət olub nisbət. Yəni 50 faizə qədər təşkil edir. Bu onu göstərir ki, ümumiyyətlə dünya bazarında qida məhsullarının qiyməti artıb”.
Vüqar Oruc əlavə edib: “Başqa bir tərəfdən dövlətlərarası münasibətlərin gərginliyi logistik daşınma xərclərinin artırılmasına səbəb olub. Eyni zamanda maya dəyəri yüksəlib. Çünki yem və digər maya dəyəri komponentlərinin qiymətində artım var. Həmçinin işçi qüvvəsinin əməkhaqları da yüksəlib. Əvvəllər damlarda və tövlələrdə bir işçi 300-350 manat maaş alırdısa, indi bu məbləğ 600-700 manat arasındadır. Bu baxımdan, həmin xərclər də maya dəyərinin tərkibinə daxildir”.
Günel Həsənova, Bizimyol.info

