Erməni ekspert son gərginlik barədə: “Belə epizodların Azərbaycan-Türkiyə müttəfiqliyinə ciddi təsir göstərməsi mümkün deyil”

30-09-2026, 09:18           
Erməni ekspert son gərginlik barədə: “Belə epizodların Azərbaycan-Türkiyə müttəfiqliyinə ciddi təsir göstərməsi mümkün deyil”
Ruben Melkonyanın fikrincə, iki ölkənin qarşılıqlı maraqları mövcud fikir ayrılıqlarından daha böyükdür

Azərbaycan və Türkiyə arasında sıx müttəfiqlik münasibətlərinə baxmayaraq, bir sıra məsələlərdə fikir ayrılıqları qalmaqdadır. Bununla belə, iki ölkənin strateji tərəfdaşlığının kifayət qədər möhkəm təmələ söykəndiyi və zaman-zaman ortaya çıxan ziddiyyətlərin ikitərəfli əlaqələrin ümumi xarakterinə ciddi təsir göstərməsinin çətin olduğu aydın məsələdir.

Bestmedia.az xəbər verir ki, bu fikirləri Ermənistanın Yerevan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, professor, türkoloq Ruben Melkonyan Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının son bəyanatını şərh edərkən səsləndirib.

Xatırladaq ki, Milli Məclisin müvəqqəti komissiyası sentyabrın 26-da Türkiyə ərazisindən sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı informasiya kampaniyası aparıldığını açıqlayıb. Komissiyanın məlumatına görə, kampaniyanın məqsədləri sırasında Azərbaycan-Türkiyə münasibətlərinə zərər vurmaq, ictimai rəyi çaşdırmaq, dövlət institutlarına inamsızlıq yaratmaq və cəmiyyətdə qütbləşməni gücləndirmək yer alır. Bildirilib ki, kampaniyada hədəfli reklamlarla yanaşı, real və saxta sosial media hesablarından istifadə olunur.

Melkonyanın sözlərinə görə, Milli Məclisin bu açıqlaması Bakı ilə Ankara arasında müəyyən fikir ayrılıqlarının mövcudluğuna işarə edir. Belə ziddiyyətlər artıq uzun illərdir mövcuddur, lakin adətən ictimai müzakirə predmetinə çevrilmir.

Ekspert qeyd edib ki, 44 günlük müharibədən sonra bəzi analitiklər Azərbaycanın Türkiyənin göstərdiyi dəstəyə görə müəyyən mənada “əvəz ödəməli” olacağını düşünürdülər. Bu istiqamətdə müxtəlif proqnozlar səsləndirilir, hətta Türkiyənin Azərbaycandakı təsirinin kəskin şəkildə artacağı ehtimalı irəli sürülürdü.

Melkonyan hesab edir ki, müharibədən sonra Bakı Ankara ilə münasibətlərdə “kiçik qardaş” rolundan uzaqlaşmağa daha çox çalışır. Azərbaycanın öz potensialı və beynəlxalq aktorlar üçün artan əhəmiyyəti daha müstəqil siyasət yürütməsinə imkan verir.

Ekspert bununla yanaşı, Azərbaycanın belə müstəqil mövqeyinin Türkiyədəki bütün çevrələri qane etmədiyini də deyib.

“Bu, Türkiyənin ayrı-ayrı dairələrində müəyyən reaksiya yarada bilər. Onlar düşünə bilərlər ki, gec-tez Azərbaycan “kasıb qohum” statusundan çıxaraq Türkiyənin ümumi maraqlarına xidmət edən və onları dəstəkləyən dövlət mövqeyinə keçməlidir” – Melkonyan bildirib.

Onun fikrincə, bu şəraitdə Bakı ilə Ankara arasında mövcud fikir ayrılıqları zaman-zaman ictimai müstəviyə çıxır və hər iki ölkənin siyasi və ekspert dairələrində müzakirə olunur.

“Futbol diplomatiyası” dövrü də xatırladıldı

Melkonyan Bakı ilə Ankara arasında fikir ayrılıqlarının əvvəllər də meydana çıxdığını xatırladıb.

O, 2000-ci illərin sonlarında Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində aparılan “futbol diplomatiyası” prosesini nümunə göstərib. Həmin dövrdə Ankaranın İrəvanla yaxınlaşması Azərbaycanda narazılıqla qarşılanmış, proses müəyyən siyasi və ictimai reaksiyalara səbəb olmuşdu.

Bununla belə, erməni ekspert hesab edir ki, bu cür epizodların Azərbaycan-Türkiyə müttəfiqliyinə ciddi təsir göstərməsi mümkün deyil: "İki ölkənin qarşılıqlı maraqları mövcud fikir ayrılıqlarından daha böyükdür".

İsrail məsələsi də fikir ayrılığı yaradır

Melkonyanın fikrincə, Azərbaycan-Türkiyə münasibətlərində əlavə həssas məsələ İsraildir.
O, Türkiyə-İsrail münasibətlərinin kəskinləşməsi fonunda Ankaranın Azərbaycandan daha böyük həmrəylik gözləyə biləcəyini, eyni zamanda Bakının İsraillə sıx münasibətlərini davam etdirdiyini bildirib.

Onun sözlərinə görə, bu vəziyyət Türkiyədə müəyyən narazılıq yarada bilər. Ankara Azərbaycandan xüsusilə Ermənistanla müharibə dövründə Türkiyənin göstərdiyi dəstəyə qarşılıq olaraq müəyyən məsələlərdə həmrəylik gözləyir.

Ekspert Azərbaycan və Türkiyənin İsraillə bağlı mövqeləri arasında müəyyən razılaşmanın da ola biləcəyini istisna etməyib:

“Digər tərəfdən, hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətlərində İsraillə bağlı müəyyən daxili razılaşma da mövcuddur. Türkiyə-İsrail münasibətləri kəskinləşəndə bu, müəyyən mənada İsrail-Azərbaycan münasibətlərinin daha isti olması ilə kompensasiya edilir. Yəni Türkiyənin İsraildən müxtəlif razılaşmalar, ticarət-iqtisadi münasibətlər məsələsində birbaşa əldə edə bilmədiklərini Azərbaycan həyata keçirir”.

Ermənistan üçün imkanlar yarana bilərmi?

Erməni ekspert regiondakı müxtəlif aktorlar arasında meydana çıxan fikir ayrılıqlarının Ermənistan üçün müəyyən imkanlar yarada biləcəyini, lakin İrəvanın bu imkanlardan istifadə etmədiyini iddia edib.

“Ermənistan ya xarici siyasətdə qarşısına çıxan imkanlardan istifadə etmir, ya da onları sadəcə görməzdən gəlir. Türkiyə-Azərbaycan və Türkiyə-İsrail münasibətlərinin bəzən problemli xarakter daşıması da bu kontekstdə qiymətləndirilə bilər. Ermənistan bu fəal proseslərdə hansısa formada iştirakçı rolunu oynamağa çalışmaq istəmir” – Melkonyan söyləyib.

Onun fikrincə, İrəvan daha çox regional proseslərdən kənarda qalaraq diqqətini sülh gündəminə və daxili məsələlərə yönəltməyə üstünlük verir.

"Buna görə də, Ermənistanın öz maraqlarını irəli sürə biləcəyi imkanlardan tam istifadə etmədiyini düşünürəm" - ekspert fikrini tamamlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]