"80 kiloqramlıq qoyunun ətini kim yeyər?" - Fermerdən subsidiya qərarına reaksiya

9-09-2026, 12:44           
"80 kiloqramlıq qoyunun ətini kim yeyər?" -
“Bu, absurd bir qərardır. Orta və kiçik təsərrüfat sahiblərini sıradan çıxarmağa hesablanıb”.

Bunu Valyuta.az-a açıqlamasında fermer Kərim Kərimli Kənd Təsərrüfatı Nazirliyinin iribuynuzlu heyvanlara təyin edilən subsidiyalarla bağlı qərarına münasibət bildirərkən deyib.

Fermerin sözlərinə görə, qərar Azərbaycan xalqının ətə olan zövqünün dəyişdirilməsinə hesablanıb:

“Bizim xalqın ağız dadı var. Xalq əsasən quzu və cavan dana əti yeyir. 600 kiloqramlıq dananın ətini kim yeyəcək? 80 kiloqramlıq qoyunun ətini kim yeyər? İnsanların ağız dadını necə dəyişə bilərsiniz? Heyvan saxlamaq kəndlinin qərarıdır. Zərər də etsək, heyvan saxlayacağıq, xeyir də etsək. Amma subsidiya ayrılan insanlar var, onlar bu gün qazanmasalar, sabah heyvan saxlamayacaqlar. Bu, düzgün qərar deyil. İllərdir camaat gözləyirdi ki, onlara dəstək veriləcək, dövlətin dəstəyi olacaq. Niyə mən dövlətimdən dəstək almamalıyam? Nəyə görə? Bu dövlət mənimdir”.

Fermer bildirib ki, 30 ildir mal-qara saxlayır, amma indiyədək 600 kiloqramlıq heyvan satmayıb:

“Olmayıb belə şey. Bunu saxlamaq üçün illərlə işləmək lazımdır. Sən mənə nə vermisən ki, 600 kiloqramlıq dana da tələb edirsən? Bir süni mayalanma təşkil etdilər, onu da öz pulumuzla etdik. Dörd dəfə süni mayalanma olunmalıdır. Süni mayalanma yolu ilə eyni heyvanı almaq üçün 20 il vaxt lazımdır. Siz bizdən bunu necə tələb edə bilərsiniz? Gərək insana bir şey verəsən ki, nəsə tələb edəsən. Bir dəfəlik deyin ki, vermirik, vəssalam. Bunun başqa yolu yoxdur”.

Kərim Kərimli təəssüflə bildirib ki, kiçik təsərrüfatlar iri fermer təsərrüfatlarının qarşısında çətin vəziyyətdə qoyulur:

“Bu qərarları kim verir? Həmin adam bircə dəfə mal-qaranın altını təmizləyib? Peyinin nə olduğunu bilir? Belə adam ağlına gələn qərarı qəbul edəcək də. Dəfələrlə təkliflər vermişik, onların biri də qəbul olunmayıb. Lənkəranda müşavirə keçirildi, bizi də dəvət etdilər, amma bir adamı da ağız açmağa qoymadılar. Bundan sonra mən bir dəfə də olsun müşavirəyə getmərəm. Sən mənim problemlərimi həll etməyə gəlmisən, amma məni qoymursan danışım. Haradan biləcəksən mənim problemimi? Siz ancaq öz xeyrinizə qərarlar verirsiniz”.

İqtisadçı Natiq Cəfərli də məsələyə münasibət bildirib:

“Gəlin indi iribuynuzlu mal-qara üçün nəzərdə tutulan subsidiyalara, camışla dananı ayıra bilməyənlərin yeni qərarlarına baxaq.

Kənd Təsərrüfatı Nazirliyi qərar verib ki, diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə kəsim zamanı hər kiloqram diri çəki üzrə 0,40 manat (40 qəpik) məhsul subsidiyası veriləcək. Yəni, 600 kiloqram diri çəkisi olan heyvan kəsiləndə 240 manat subsidiya ala bilərsən.

Azərbaycanda kəsim üçün nəzərdə tutulan bəslənmiş heyvanları orta hesabla 300-350 kiloqram diri çəkidə kəsirlər. Ətlik üçün bəslənən dana gündə orta hesabla 25-50 kiloqram ümumi yem — ot, silos və qüvvəli yem qarışığı — istehlak edir.

Kəndli öz danasını bir il bəsləməlidir ki, çəkisi 350 kiloqramdan 600 kiloqrama çatsın. Bu da gündəlik — qüvvəli yem və kəpək: 5-7 kq (1 kq 0,45-0,60 AZN) — 2,50-4,00 AZN; qaba yem (yonca, ot, saman balyası): 10-12 kq — 1,50-2,50 AZN; silos, çuğundur jomu və mineral qatqılar: 0,50-1,00 AZN; cəmi gündəlik xərc: 4,50-7,50 AZN (aylıq təxminən 140-220 AZN).

Kəndli bir il ərzində danasını əvvəl kəsdiyi normadan artıq bəsləyib 600 kiloqram çəkiyə çatdırmaq üçün hardasa 1 500-2 000 manat xərcləməlidir. Hələ mən bunun əziyyətini, zülmünü demirəm ki, axırda ingilisdilli məmurlar ona 240 manat versin”.

Qeyd edək ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv kökəltmə təsərrüfatlarının inkişafı və heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kiloqram diri çəki üzrə 0,40 manat məhsul subsidiyası veriləcək.

Subsidiyanın tətbiqi üçün EKTİS-də bəyan, heyvanın ölkədə doğulması və ya ən azı 6 ay ölkə daxilində kökəldilməsi, identifikasiyası və sığortalanması, eləcə də qeydiyyatda olan kəsimxanada kəsilməsi tələb olunacaq.

Onu da qeyd edək ki, Aqrar Subsidiya Şurasına kənd təsərrüfatı naziri Məcnun Məmmədov rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]