Elm və Təhsil Nazirliyində qanun işləmir: 24 saatlıq cavab haqqı niyə pozulur?
21-11-2026, 00:19

Dövlət məktəblərində şagirdlər payız tətilində dincəlir, amma bəzi özəl məktəblər uşaqları hələ də parta arxasında saxlayır.
Sual sadədir:
özəl məktəblərin dövlətdən fərqli tətil qrafiki qurmağa ixtiyarı varmı?
Bu sualı cavablandırmaq borcu olan Elm və Təhsil Nazirliyinə sorğu göndərmişik. Nəticə?
Sıfır. Susqunluq. Sanki divarla danışırıq.
Buradan nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbələrinə bir xatırlatma etmək lazımdır.
Qanun var, maddə var: Maddə 17.3. Orada açıq-aydın yazılıb ki, məlumat operativliyini itirirsə, sorğuya dərhal, ən uzağı 24 saat ərzində cavab verilməlidir. Tətil günləri keçib gedəndən sonra verilən cavabın nə mənası var? Onda məlumat öz vaxtını, canını, mənasını itirir. Amma bu qanun onlara kağız parçası kimi görünür.
Çünki cavab vermək məsuliyyət tələb edir. Suallara cavab verəndə gərək əsas gətirəsən, qanuna söykənəsən, işlədiyini göstərəsən. Jurnalistdən qaçmaq, telefonu açmamaq, məktubları cavabsız qoymaq ən asan yoldur.
Açığı, bu qədər problemlərin içində gizlənmələri heç təəccüblü də deyil. Sistem elə bir vəziyyətə düşüb ki, nəfəs almaq çətindir. Bir tərəfdə məktəb direktorları dərs bölgüsünü alverə çevirib, o biri tərəfdə kağız üzərində "şagird adı" yazılır — uşaq özü bəlkə də məktəbin yolunu tanımır, amma jurnalda adı gedir, qiyməti yazılır.
Rayon təhsil idarələri baxır, susur. Regional təhsil idarələri baxır, yenə susur. Hamı bir-birini ört-basdır edir, heç kim "bəsdir" demir.
Adı "Elm və Təhsil", içi başqa aləm
Adında "elm" və "təhsil" sözü olan bir qurumun elmi və təhsili bu günə qoyması doğrudan da ayrı bir "istedad" tələb edir.
Adam təəccüblənir: elmi irəli aparmaq, uşağın başını işlətmək, normal proqram qurmaq əvəzinə, ortaya qoyulan nədir?
Anlaşılmaz dərsliklər, yorucu və mənasız imtahan yarışları, yükü ağır, nəticəsi zəif bir sistem. Nə axtarsan, bu qurumun ətrafında tapmaq olar — bircə normal işləyən, şəffaf və səmimi yanaşmadan başqa.
Özəl məktəbin tətil məsələsi də bu ümumi dağınıqlığın kiçik bir hissəsidir. Valideyn pul ödəyir, uşaq dərsə gedir, qanunun harada işlədiyi, harada dayanmağı isə dumanlı qalır. Ən pisi də odur ki, bu dumanı dağıtmalı olan qurum Elm və Təhsil nazirliyi özü kölgəyə çəkilib.
Tətil qrafiki məsələsi təkcə təqvim məsələsi deyil. Bu, həm də qanunun aliliyi, özəl qurumların sərhədləri və dövlət orqanlarının məsuliyyəti məsələsidir.
Jurnalistdən qaçmaqla problem həll olmur. 24 saatlıq müddət də təsadüfi yazılmayıb. İmtahanı müəllimlərdən tələb edənlər əvvəl özləri o maddələri açıb oxusunlar.
Bəlkə onda anladılar ki, vəzifə kreslosu suallardan gizlənmək üçün yox, cavab vermək üçündür.
Sima Babayeva
TEREF

