AYNA-nın parklanma siyasəti - Pulunu ödəyən sürücüyə də 20 manat cərimə yazılır! FOTO

16-11-2026, 11:18           
AYNA-nın parklanma siyasəti - Pulunu ödəyən sürücüyə də 20 manat cərimə yazılır! FOTO
Dünən dostum Vuqar Askerovla tələbə yoldaşımız Şahinin övladının toy məclisinə dəvətli idik. Toy mərasiminin keçirildiyi Arzu şadlıq evinin yaxınlığında, Araz marketin qarşısında avtomobili saxladıq. Parklanma qaydalarına uyğun olaraq 1181 qısa nömrəsinə SMS göndərməklə avtomobilin parklanmasını rəsmiləşdirdik.
Avtomobilimizin dövlət nömrə nişanı 77-FQ-901 idi. SMS vasitəsilə parklanma qeydiyyata alındı və balansımızdan 2 manat 40 qəpik vəsait çıxıldı. Yəni üzərimizə düşən ödənişi etdik, qaydalara əməl etdik və rahat şəkildə toy məclisinə yollandıq.
Ancaq bir neçə saat sonra telefonumuza gələn mesaj əhvalımızı dəyişdi, avtomobilə 20 manat məbləğində cərimə tətbiq edilmişdi.
İndi #AYNA rəhbərliyindən soruşuruq. Bu nə özbaşınalıqdır? Vətəndaş parklanma haqqını ödəyirsə, daha hansı əsasla cərimələnir?
Cənablar, zatən insanları parklanma məsələsi ilə boğaza yığıb, cana gətirmisiniz. Bakının küçələrində parklanma yerləri ilə bağlı yaranan problemlər, sürücülərin üzləşdiyi çətinliklər azmış kimi, indi pulunu ödəyən vətəndaş da cərimə ilə üzləşməlidir?
AYNA-nın küçələrə yerləşdirdiyi nəzarətçilərin fəaliyyətinə də ciddi nəzarət olunmalıdır. Bəzən elə təsəvvür yaranır ki, onların işi qayda-qanunu təmin etməkdən daha çox, sürücülərə bacardıqca çox cərimə yazmaqdan ibarətdir. Bəs ödəniş sisteminə baxan, SMS qeydiyyatını yoxlayan yoxdurmu?
Daha maraqlısı odur ki, AYNA haqqında mətbuatda yazılan şikayətlərin sayı azalmır. Vətəndaş narazılığını bildirir, məsələni ictimailəşdirir, amma çox vaxt problemin həllinə nail ola bilmir.
Cənablar, vətəndaşın cibindən pul çıxarmaq bu qədər asandırsa, heç olmasa həmin pulun qarşılığında normal xidmət göstərin!
AYNA rəhbərliyindən 77-FQ-901 nömrəli avtomobilə yazılmış 20 manatlıq cərimənin hansı əsasla tətbiq edildiyinə aydınlıq gətirməsini, məsələnin araşdırılmasını və əsassız cərimənin ləğvini tələb edirik.
Parklanma haqqını ödəyən sürücüyə cərimə yazılırsa, onda bu sistem kimə və nəyə xidmət edir?
#AYNA -Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəhbərliyindən cavab gözləyirik!
Arzuman Nebiyev
TEREF















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]