SOCAR Azəriqaz İB -də gücləndirilmiş iş rejimi və icra olunmamış sifarişlər
10-11-2026, 00:12

Bildiyimiz kimi, Azəriqaz İB-də dörd günlük iş fasiləsi və yağıntılı hava şəraiti ilə əlaqədar qurumun gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyi bildirilir.
Artıq 104 Çağrı Mərkəzinə daxil olan hər bir müraciət qeydiyyata alınır. Qəza xarakterli müraciətlər Qəza Dispetçer Xidmətinin növbətçi əməkdaşlarına, sayğaclarla bağlı müraciətlər isə Sayğac Əməliyyatları Xidmətinə yönləndirilir.
Lakin dörd günlük iş fasiləsi səbəbindən Sayğac Əməliyyatları Xidmətinin mühəndis və çilingər heyətinin işə çıxmaması vətəndaş müraciətlərinin icrasında ciddi gecikmələrə səbəb olub.
Beləliklə, dörd günlük iş fasiləsinin artıq üçüncü günündə respublika üzrə vətəndaşlardan daxil olmuş 875 sifariş icra olunmamış qalır. Sabah da qeyri-iş günü olacağı təqdirdə, bu sifarişlərin sayının 1400-ə çatacağı proqnozlaşdırılır.
İcra olunmamış sifarişlərin əsas hissəsini aşağıdakı müraciətlər təşkil edir:
1. Sayğacın qazı buraxmaması; Sayğacın kiplənməsi
2. Sayğaca ödəniş kartının yüklənməməsi;
3. Sayğacın blok vəziyyətinə düşməsi.
Belə bir vəziyyətdə haqlı sual yaranır: Əgər Azəriqaz İB gücləndirilmiş iş rejimində fəaliyyət göstərirsə, vətəndaşların gündəlik məişət ehtiyacları üçün vacib olan sayğac problemləri niyə vaxtında aradan qaldırılmır?
Axı gücləndirilmiş iş rejimi yalnız müraciətlərin qeydiyyata alınması və aidiyyəti xidmətlərə yönləndirilməsi ilə məhdudlaşmamalı, eyni zamanda həmin müraciətlərin operativ şəkildə icrasını da təmin etməlidir.
Mirvari Gahramanli
TEREF

