DƏHŞƏT! Bağçada uşaqları psixotrop maddə ilə zəhərləyirlər? — Körpələrimizi kimlərə etibar edirik?!
3-09-2026, 00:11

Sosial şəbəkələrdə yayılan və "Xəzər Xəbər"də işıqlandırılan həmin görüntüləri izləyəndə adamın qanı donur, deyiləsi söz tapılmır!
Söhbət Bakının Yasamal rayonundakı 98 saylı uşaq bağçasında baş verən, insanlığa və vicdana sığmayan həmin dəhşətli olaydan gedir.
Əziz valideynlər, görün körpələrimizi kimlərə etibar edirik! Bu məsələni sadəcə "bağça qalmaqalı" adlandırıb keçmək olmaz, bu, açıq-aşkar uşaq genosididir, qəsddir!
Valideyn Nurgül Məmmədovanın həm sosial şəbəkədə, həm də "Xəzər Xəbər"ə verdiyi müsahibədəki fəryadına baxın! Körpəsini cəmi iki həftə dövlət bağçasına göndərir və uşaq gözlərinin qabağında "sönür".
Ayaqları bir-birinə dolaşır, bir nöqtəyə zillənib qalır, kəskin halsızlıq və yuxululuq yaranır. Şübhələnib Toksikologiya Mərkəzinə qaçırlar və dəhşətli həqiqət ortaya çıxır: Azyaşlının qanından PSIXOTROP maddə tapılır!
Aydın məsələdir! Sakit dursunlar, səs-küy salmasınlar, öz rahatlıqları pozulmasın deyə körpə uşaqlara psixotrop dərmanlar içirib onları keyidirlər! Bu necə bir vicdansızlıqdır?
Hansı qudurğanlıq, hansı canilikdir? Sizin özünüzdə heç ana, ata fərziyyəsi var?
Başqasının balasına bu divanı tutmağa sizə kim haqq verib?!
Daha da biyabırçısı müəllimənin verdiyi cavabdır. Uşaq zəhərlənib yarıcan hala düşüb, bu unudulmaz "tərbiyəçi" isə hələ utanmadan, arlanmadan buna "adaptasiya prosesidir, belə hallar normal sayılır" deyir.
Uşağın zəhərlənməsini "normal hal" kimi sırfamaq nə deməkdir? Bu, açıq-aşkar cinayəti ört-basdır etməkdir!
Valideyn Haqlı olaraq fəryad edir ki, "orada bu qədər uşaq var, onlar uşaqları zəhərləyə-zəhərləyə gedirlər!"
Bu məsələnin üstündən sükutla keçmək olmaz! Buradan aidiyyəti qurumlara səslənirəm:
Bu işi ört-basdır etməyə cəhd belə etməyin! "Valideyn uşağını bağçadan çıxardı, məsələ bitdi" deməklə canınızı qurtara bilməzsiniz!
98 saylı bağçanın rəhbərliyi, o qrupdakı müəllimə, dayə — kim varsa, hamısı dərhal saxlanılmalı, dindirilməlidir!
Bütün bağça uşaqları təcili olaraq toksikoloji analizə cəlb edilməlidir!
Bu alçaqlığı eləyənlər də, buna göz yumanlar da ən ağır cəzanı almalıdırlar!
Biz körpələrimizi sizə etibar edirik, siz isə onları keyidici maddələrlə zəhərləyirsiniz?
Bu dərəcədə həddini aşmaq olmaz! Bu millətin gələcəyi olan uşaqların həyatı ilə oynayan hər kəs qanun və cəmiyyət qarşısında cavab verməlidir!
Sima Babayeva

