Neyromed klinikasında çek qalmaqalı: “Onsuz da bizdə ƏDV verilmir” - FOTO

2-09-2026, 00:01           
Neyromed klinikasında çek qalmaqalı: “Onsuz da bizdə ƏDV verilmir” - FOTO
2-3 gün əvvəl Neyromed klinikasından zəng edilərək təklif olunan müayinə (check-up) paketindən yararlanmaq üçün klinikaya müraciət etdik. Yoldaşımın səhhəti ilə bağlı narahatlığımız olduğundan vaxt itirmədən həkim müayinəsi, USM və digər müayinələrdən keçdik.

Lakin ödəniş zamanı gözlənilməz vəziyyətlə qarşılaşdıq.

Bu barədə “Müştəriyəm, Şikayətim Var” Facebook qrupunda Gülnar Hüseynova paylaşım edib.

Onun sözlərinə görə, ödəniş etdikdən sonra kassadan çek tələb etsə də, çek ona təqdim edilməyib. Klinikanın çıxışında yenidən kassaya yaxınlaşaraq çekini istədikdə isə bu dəfə “POS-terminalın zaryatkası yoxdur” bəhanəsi ilə çek verilməsindən imtina edildiyi bildirilib.

Şikayətçinin sözlərinə görə, həmin vaxt klinikada çek gözləyən digər pasiyentlər də olub.

Gülnar Hüseynova məsələ ilə bağlı etiraz edib şikayət edəcəyini bildirdikdə isə kənarda kompüter arxasında əyləşən əməkdaşlardan birinin ona “Onsuz da bizdə ƏDV verilmir” dediyini iddia edib.

Şikayətçi qeyd edir ki, məsələ yalnız ƏDV ilə bağlı deyil. Onun fikrincə, əsas məsələ göstərilən tibbi xidmətə görə kassa çekinin vaxtında təqdim edilməməsi və bununla bağlı müxtəlif bəhanələrin səsləndirilməsidir.

İddialara görə, şikayət edəcəyini bildirdikdən sonra klinika əməkdaşları məsələni həll etməyə çalışıblar və sonradan çek WhatsApp vasitəsilə elektron formada göndərilib.

Lakin şikayətçinin sözlərinə görə, göndərilən çekdə də sual doğuran məqam aşkarlanıb. Belə ki, çekdə göstərilən vurulma saatının klinikada ödəniş və müayinələrin aparıldığı vaxtla uyğun gəlmədiyi bildirilir. Şikayətçi çekin fotosunu da təqdim edəcəyini qeyd edib.

Bu halın qanunvericiliyə uyğun olub-olmaması və çekin nə üçün ödəniş zamanı deyil, daha sonra təqdim edilməsi aidiyyəti qurumların araşdırması ilə müəyyənləşdirilə bilər.

Şikayətçi Dövlət Vergi Xidmətini məsələni araşdırmağa və Neyromed klinikasında kassa əməliyyatlarının qanunvericiliyə uyğun aparılıb-aparılmadığına hüquqi qiymət verməyə çağırıb.

Qeyd: Qarşı tərəfin — Neyromed klinikasının və ya məsul şəxslərinin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]