Naxçıvanda kölə çoxdur, yoxsa Şimali Koreyada? – ABŞ Dövlət Departamenti bu suala cavab axtarır

21-11-2026, 11:34           
Naxçıvanda kölə çoxdur, yoxsa Şimali Koreyada? –
BMT-nin məlumatına görə, 2023-cü ildə dünyada 50 milyondan çox kölə var imiş. Köləliyin ən çox yayıldığı ölkələrin başında isə Şimali Koreya gəlir. BMT-nin iddialarına inansaq, bu ölkədə hər 1000 nəfərdən 104.6-sı kölə imiş. Onu 90.3 / 1000 nəfərlə Eritreya izləyir.
Bəs, BMT kölə deyərkən nəyi nəzərdə tutur?
ABŞ Dövlət Departamenti müasir köləliyin xüsusiyyətlərini belə izah edir: “Güc, fırıldaqçılıq və ya məcburetmə yolu ilə məcburi əmək və ya kommersiya cinsi aktları üçün bir şəxsin işə götürülməsi, saxlanması, daşınması, təmin edilməsi və ya əldə edilməsi aktı”.
Şimali Koreya, Eritreya və s. ölkələri boş verin. Bəs Azərbaycanda kölələr varmı?
Azərbaycanın bir çox rayonlarını deyə bilmərəm. Amma Naxçıvanda ABŞ Dövlət Departamentinin kriteriyalarına uyğun gələn xeyli sayda insan yaşayır. Söhbət məcburi əməyə cəlb edilmiş insanlardan gedir. Sirr deyil ki, Naxçıvanda Vasif Talıbovun dövründən indiyə qədər “iməclik” adı altında hər həftə məcburi əməyə cəlb olunan minlərlə vətəndaş (daha doğrusu, kölə) ağalarına borclarını qaytaracağı günü gözləyir.
Maraqlı burasıdır ki, dünyanın digər ölkələri vətəndaşlarını köləyə çevirmələrini gizlətməyə çalışırlar. Naxçıvanda isə bu, artıq dövlət siyasətinə çevrilib. Təsəvvür edin, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər dövlət orqanlarına məcburi işə cəlb olunmaq üçün rəsmi sorğu belə göndərir. Sorğuda bildirilir ki, 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq ili” elan olunduğuna görə, hər idarə filan tarixlərdə “əkin-bərpa tədbirləri”nə 5-10 nəfər adam göndərməlidir.
Qısası, Naxçıvanı Azərbaycanın Şimali Koreyası adlandıranlar yanılmırlar. Həqiqətən də bu diyar vətəndaşları məcburi əməyə cəlb etməkdə Şimali Koreya ilə yarışa bilər.
Heydər Oğuz
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]