Evsizliyin ən ağır tərəfi bir vaxtlar özünə aid olmasını çox istədiyin bir məkanın xəyalından belə yorulmaqdır.
18-11-2026, 16:04

Con Steynbekin "Qəzəb salxımları" romanında bir epizod var. Həmişə o epizod mənə təsir edir. Coad ailəsi doğma evini tərk etməyə məcbur qalanda ömürlərinin bir parçasını da orada qoyub gedir. Bir yük maşınına sığışdırmağa çalışdıqları əşyalar illərin xatirələrini, vərdişlərini, ailə tarixini özündə daşıyır. Onlar üçün köçmək sadəcə bir ünvandan başqa ünvana getmək deyil, köklərindən qopmaq, tanıdıqları dünyanı arxada buraxmaqdır.
İnsan evini itirəndə bəzən yalnız bir damı deyil, özünə aid bildiyi dünyanı da itirir.
Evsizlik, əslində, uşaqlıqdan başlayan bir məhrumiyyətdir. İnsanın özünə aid bir küncünün, istədiyi kimi qapısını örtüb çəkilə biləcəyi bir otağının, tələbəlikdə kitablarını düzdüyü rəfinin, bir yazı masasının olmamasıdır. Hamının, xüsusilə də gəncliyində öz evi olsun, vallah. Çünki insanın öz evində yaşamaq arzusu heç dəbdəbə, rahatlıq, mülk sahibi olmaq iddiası deyil. Bu, bir az da öz həyatına sahib çıxmaq istəyidir.
Mən beş yaşımdan evsizəm. Uşaqlığım özümə aid bir küncümün olması xəyalı ilə keçib. Tələbəliyim "kaş bir kitab rəfim, özümə aid bir masam, iki göz dolabım olardı" arzusu ilə sovuşub. Ailə qurmuşam, amma cehiz aparmağa, ürəyimcə bəzəyib-düzəyib zövq almağa öz yurdum olmayıb.
İndi 40 yaşın qapısındayam. Bu saatdan sonra ev almaq üçün heç bir cəhdim, arzum yoxdur. Marağımda deyil. Hətta imkanım olsa belə, ev almağa çalışacağıma əmin deyiləm. Yəqin ki, uşaqlarımın təhsilinə xərcləyərəm pulumu
Bəlkə qəribə gələcək sizə. Hətta bir müddətdən sonra köçlər, ünvanlar, hətta içində həyatımızı daşıdığımız karton qutular doğmalaşır. Həmin qutuların içində təkcə paltar, qab-qacaq, kitab olmur. Bir evdən o birinə apardığımız xatirələr, uşaqların böyüdüyü illər, gündəlik vərdişlərimiz, bir sözlə, həyatımız olur. Bəzən düşünürəm ki, bizim evimiz bəlkə də elə həmin qutulardır. Ünvan dəyişir, qutular dəyişmir.
Sidq ürəklə arzu edirəm ki, hamının, xüsusilə uşaqların və gənclərin öz evi olsun. Heç kəs uşaqlığını bir gün özünə aid otağı, bir kitab rəfi, bir pəncərəsi olan evin xəyalı ilə keçirməsin.
Çünki evsizliyin ən ağır tərəfi illərlə kirayədə yaşamaq deyil. Ən ağır tərəfi bir vaxtlar özünə aid olmasını çox istədiyin bir məkanın xəyalından belə yorulmaqdır.
Gunel Musa
TEREF

