850 nəfərlik qarnizon, 10 ayrı silahlı birləşmə, batareyasız rabitə və partladıcısız mərmilər: Şuşa qarnizonunun 7 may 1992-ci il portreti (VI YAZI) – III HİSSƏ

18-11-2026, 15:37           
850 nəfərlik qarnizon, 10 ayrı silahlı birləşmə, batareyasız rabitə və partladıcısız mərmilər: Şuşa qarnizonunun 7 may 1992-ci il portreti (VI YAZI) – III HİSSƏ
Hərb tariximizin ən qaranlıq səhifəsini nöqtə və vergülünə kimi qələmə alıram...
...Bu təbəqələrin üstündə kənardan gəlmiş Şamil Basayev, Salman Raduyev, Xunkar-Paşa İsrapilov və Azay Kərimovun xatırladığı, namaz qılan, zəif bədənli Mairbek kimi çeçen könüllüləri, mayın 8-də isə həbsxanadan çıxarılıb pulemyot başına qoyulmuş məhbuslar da var idi. Çeçenlərin döyüş rolunu qiymətləndirən Azay Kərimov Şamil Basayevlə şəxsən işlək əlaqə qurduğunu, tez-tez görüşüb danışdıqlarını, çeçenlərin axşamlar kəşfiyyata getdiklərini, lakin bir dənə də erməni vura, bir dənə də silah götürə bilmədiklərini bildirir. Hərbi baxımdan bu, ordu deyil, hərbi koalisiya idi və koalisiyanın hər üzvünün öz anbarı, öz rabitəsi, öz siyasi arxası və öz komandanlıq anlayışı var idi.
...nazirin xüsusi əmri ilə heç bir dövlət təhlükəsizlik xidməti əməkdaşı hərbi batalyonlara girə bilməz, heç bir tədqiqat apara bilməzdi, bu qəti qadağan idi. Yəni tribunalı olmayan ordu eyni zamanda əks-kəşfiyyatı özündən qovmuş ordu idi və bu qadağanın Şuşada nə yaratdığı kəşfiyyat bölməsində görünəcək.
...Elbrus Orucov çatışmayan partladıcıları təcili əldə etmək üçün polkovnik Çepurenkoya müraciət etdikdə, Çepurenko Rusiya ordusunun 104-cü hava-desant diviziyasının komandiri general Şerbakla sursatın “ötürülməsi” (satılması) barədə danışıqların getdiyini və yaxın vaxtlarda məsələnin həll olunacağını bildirmişdi.
...Şuşa rayonu bir ucu Kosalar, digər ucu Böyük Kirs dağı olmaqla 78 kilometrlik xətt təşkil edirdi və Elbrus Orucov 70 kilometrlik cəbhədə 850 nəfərin durduğunu hesablayırdı. Şuşa-Xankəndi magistralının girişində, ermənilərin “şərq qapısı” adlandırdığı istiqamətdə 777-nin kəşfiyyat və zirehli qrupları, o cümlədən Albert Aqarunovun tankı dayanırdı. Şimal-qərbdə Kosalar və Kərkicahan istiqaməti Fazil Əşrəfovun könüllülərinə və yerli postlara həvalə olunmuşdu, bu istiqamət Xocalı aeroportuna enən təyyarələri görən yeganə müşahidə nöqtəsi idi. Canhəsən ətrafındakı strateji yüksəkliklər isə mayın 6-dan etibarən ən şiddətli atışmaların yeri idi və məhz buraya erməni yayındırıcı həmləsi yönəldilmişdi. Fəxrəddin Səfərovun batalyonu Xankəndi ilə Şuşa arasındakı ən çətin yerdə, Qaybalı kəndi istiqamətində 70-dən çox, Xəlfəli kəndinin üstündəki Hacı talasında 30-dan çox və “Öküzuçan” adlanan yerdə 100-ə yaxın əsgərlə üç post saxlayırdı. Ramiz Qəmbərovun batalyonu aşağı yanacaqdoldurma məntəqəsi və Nəbilər istiqamətində, yəni düşmənin ilk zərbəsinin endiriləcəyi yerdə idi. Tofiq Oğuzun taboru şəhərin daxili nöqtələrində və Laçın təminat yolunun müdafiəsində yerləşirdi. Ermənilərin “26-cı”, azərbaycanlıların isə “Fənər” adlandırdığı təxminən 3 min metrlik yüksəklikdəki post Dünyamalının rotasının bir taqımı ilə saxlanılırdı və Ter-Tadevosyanın sonrakı etirafına görə məhz bu post bütün əməliyyatın taleyini həll edə bilərdi.
...Milli Təhlükəsizlik Nazirliyinin Şuşa şöbəsinin rəisi Ağalar Əliyev nazirliyin göstərişi ilə əks-kəşfiyyat əməkdaşlarının hərbi hissələrə buraxılmadığını, Müdafiə Nazirliyinin öz xüsusi şöbəsindən isə Şuşaya ən axıra yaxın yalnız bir nəfərin gəlib getdiyini qeyd edirdi.
...Rusiyanın Kazan şəhərindən, Nina adlı biri isə Gürcüstandan gəlmişdi. Bu qızlar ən çox Tofiq Oğuzun batalyonunda idi.
...Bu epizod mənbələrdə üç ömür yaşayır: Şahin Musayevə qarşı ittihamda minaların Qırmızı Xaç və ATƏT səfəri bəhanəsi ilə onun göstərişi ilə sökülməsi və texnikanın ön xətdən geri çəkilməsi, Elbrus Orucovun versiyasında minaların heç vaxt olmaması və istintaqın minanı çıxarmağa tapşırıq almış konkret adamı tapa bilməməsi, Azay Kərimovun versiyasında isə minanın yerinə amonalın olması və komendantın heç bir tədbir görməməsi. Üç versiyanın hərbi mahiyyəti eynidir, Xankəndidən qalxan yol mühəndis maneəsi ilə bağlanmamışdı və bağlanmayacaqdı.
Şahin Qocayev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]