QEYRƏTİMİZ SƏRHƏDDƏ QALDI…

15-11-2026, 11:14           
QEYRƏTİMİZ SƏRHƏDDƏ QALDI…
Gənc dostum Mülkədar Gürcüstanın Sarvan kəndindən xəbər verir.
Qazaxda yaxın qohumu vəfat edir. Sarvanla Qazaxın arası bir addımlıq olsa da, sərhədi keçib dəfnə qatıla bilmir.
Məcbur olub Marneulidən Tiflisə, Tiflisdən təyyarə ilə Bakıya, Bakıdan avtobusla Qazağa gəlir. Yasda iştirak etdikdən sonra eyni marşrutla geri qayıdır.
Təsəvvür edin, qohumunun dəfninə çatmaq üçün az qala dünya turuna çıxır.
Qardaşlıq sərhəd tanımır deyirik, amma görünür, sərhəd qardaşlıq tanıyır…
İndi isə Gəncəli Poladın danışdığına qulaq müsafiri olaq…
Bacı-qardaş Tiflisdə işləyirlər. Ataları Gəncədə vəfat edir. Doğma atalarının dəfninə çatmaq istəyirlər. Amma bilet yoxdur, adambaşına 900 manatlıq bileti almağa da imkanları çatmır.
Nəhayət, ucuz bilet tapıb Tiflisdən İzmirə, oradan Bakıya, Bakıdan Gəncəyə gəlirlər.
Bəli, övladlar öz atalarının dəfninə çatmaq üçün Türkiyə üzərindən tranzit keçməli olurlar…
Nə gözəl mənzərədir! Qardaşlıqdan, milli birlikdən, həmrəylikdən danışırıq, amma insan doğmasının tabutuna çiyin vermək üçün beynəlxalq aviasiya marşrutu axtarır…
Dünyanın bəzi yerlərində sərhədyanı azad ticarət zonaları yaradılır. Bizdə isə sərhədyanı qohumun yasına getmək üçün az qala turist vizası lazımdır.
Bəlkə, bu işə də bir turizm şirkəti baxsın:
“Doğmaların yasına beynəlxalq tur! Tiflis - İzmir - Bakı - Gəncə. Kədər pulsuz, yol xərci öz hesabınıza!!!”
Bizim milli birlikdən və pafoslu qardaşlıqdan tribunadan danışanda sərhədsizdir, həyatda isə bir addımlıq yolu min kilometrlərə çevirənik…
Nə deyək?
Hər şeyimiz var: şüarımız, pafosumuz, qeyrətimiz… Bircə doğmamızın dəfninə sərhəddi rahat keçib vaxtında çatmaq imkanımız yoxdur…
Kim nə deyər bizdə olan qeyrətə?!
Qeyrətimiz bəlli bütün millətə!…
Elman Mustafazadə
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]