Vicdan yalnız özümüzə toxunanda oyanırsa, bu, vicdan deyil, şəxsi narahatlıqdır.
13-11-2026, 08:34

İnsan bəzən həyatın ən qəribə ironiyası ilə qarşılaşır. İllərlə başqalarına yaşatdığı haqsızlığın özünə qarşı yönəlmiş formasını qəbul edə bilmir.
Başqasının haqqını əlindən alanda bunu idarəçilik, qayda-qanun, biznes marağı, bəzən də özünün haqlı mövqeyi hesab edir. Kiminsə çörəyinə bais olur, gələcəyinə maneə yaradır, həyatını çətinləşdirir, amma bütün bunların mənəvi tərəfi haqqında düşünmək ağlına belə gəlmir.
Ta ki, bir gün eyni münasibətin qarşısında özü dayanmalı olana qədər... Onda suallar başlayır.
Maraqlıdır, insan özünə qarşı haqsızlıq ediləndə ədalətin dilini necə də yaxşı xatırlayır. Halbuki bir vaxtlar başqasının haqqını tapdayanda, böhtan atanda həmin dilə ehtiyac duymamışdı.
Bəlkə də insanın ən böyük sınağı başqasının başına gələnləri öz başına gəlirmiş kimi təsəvvür edə bilməsidir. Çünki vicdan yalnız özümüzə toxunanda oyanırsa, bu, vicdan deyil, şəxsi narahatlıqdır.
Belə adamlar həmişə unudurlar ki, bu həyatın qəribə bir hesablaşma üsulu var. Bəzən heç kimə izahat vermədən, heç bir ittiham irəli sürmədən insanı öz əməllərinin qarşısında qoyur.
Və o zaman ən doğru sual "Mənə niyə belə etdilər?" deyil, "Mən vaxtilə kimə nə etmişdim?" olmalıdır.
Gunel Musa
TEREF

