Qarabağ xanı İbrahim xanın erməni arvadı - Şuşada ondan hansı iz qalıb? VİDEO

17-11-2026, 07:54           
Qarabağ xanı İbrahim xanın erməni arvadı - Şuşada ondan hansı iz qalıb?  VİDEO
Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edən ən məşhur kitablardan biri şuşalı yazıçı Mir Möhsün Nəvvabın 1905–1906-cı illərdə yazdığı "Erməni-müsəlman davası" kitabıdır.

​TV11.AZ "Tarix unutmur" silsiləsində həmin kitabdan erməni-Azərbaycan münasibətlərindən bəhs olunarkən qeyd olunan maraqlı bir faktı təqdim edirik. Müəllif yazır ki, məşhur Qarabağ xanı İbrahim xanın arvadı Hurizad erməni olub.

​Kitabın giriş hissəsinin 11-ci səhifəsində qeyd olunur:

​"Elə ki rus dövləti Qafqaz məmləkətinə hakim oldu, hər yerdə sakitlik yarandı. Heç bir millətin bir-biri ilə işi yox idi. Hər kəs öz işi ilə məşğul idi və hər millət öz qanunu ilə məbədlərində ibadət edirdi. Heç bir millət bir-birinə hücum etmirdi. Xüsusən, ermənilərlə müsəlmanlar arasında çox vaxt məhəbbət və dostluq olub, bir-biri ilə alış-veriş edirdilər.

​Xanlıqlar zamanında ermənilər və müsəlmanlar arasında belə mehribançılıq var idi. Hətta İbrahim xan erməni məliklərindən Məlik Şahnəzərin qızı Hurizad xanımı özünə kəbinli arvad etmişdi. Həmin Hurizad xanımın Yuxarı Gövhər ağa (Böyük) məscidinin həyətində hal-hazırda vaqfiyyəti var.

​Əfsuslar olsun ki, erməni tayfasının indi təbiəti dəyişib. Zahirləri batinləri ilə bir deyil. Zahirən özlərini dost kimi göstərsələr də, batinləri ədavətlidir. Özləri də görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər."

​Mir Mehdi Xəzani isə "Kitabi-tarixi-Qarabağ" əsərində Məlik Şahnəzərin əslinin Göyçədən gəldiyini yazır. O, əmisi Məlik Hüsünü öldürüb onun yerinə keçdiyi üçün digər erməni məlikləri ona düşmən kəsiliblər. Onlar birgə qoşun toplayıb üzərinə gələndə isə Şahnəzər Pənahəli xana pənah gətirib.

​Bu yaxınlıq sonralar qohumluq əlaqələri yaradıb. Məlik Şahnəzərin oğlu Məlik Cəmşid Pənahəli xana və İbrahim xana sədaqətli olub. İbrahim xan da onun qızı ilə evlənib.

P.S. Bu mövzu barədə TV11-in hazırladığı verilişi təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]