İkinci xəlifə Ömərin 644-cü ildə qətlindən sonra Osman ibn Əffan xəlifə seçildi.
8-11-2026, 09:24

Osman İslamı ilk qəbul edənlərdən idi, anası Məhəmməd peyğəmbərin bibiqızısı idi. Özü də peyğəmbərin qızı Ruqiyyə ilə, onun ölümündən sonra digər qızı Ümm Gülsüm ilə evləndi. Amma onun İslam qarşısında fövqəladə xidmətləri yox idi. Ata tərəfdən zəngin və nüfuzlu Əməvi soyundan olduğu üçün müsəlmanlığa görə ciddi təzyiqlərlə üzləşməmişdi. Onun xəlifə seçilməsi də İslam qarşısında xidmətlərindən daha çox Əməvi soyundan olması və peyğəmbərlə qohumluğunun nəticəsi idi.
Amma Osman yaxşı xəlifə olmadı, xüsusən də 12 illik hakimiyyətinin ikinci yarısında.
Ömərin vaxtında həyata keçirilən və Osmanın dövründə də davam edən böyük işğallar sayəsində Xilafət nəhəng ərazilərə malik zəngin dövlətə çevrildi (Osman özü də zəngin tacir idi). Xəlifə imperiyanın müxtəlif ərazilərinə öz qohumlarını təyin etdi. Korrupsiya ortaya çıxdı. Əyalət hakimləri xəlifə qohumlarına arxayın olaraq gəlirləri mənimsəyirdilər. Paytaxta çatan gəlirlər və qənimətlər də ədalətli bölünmürdü. Beləcə, Osmandan narazlıq get-gedə artdı.
Xəlifə öz qohumu Mərvan ibn Həkəmi köməkçi (katib) götürmüşdü. Mərvanın məsləhətləri, xüsusən də narazılarla sərt rəftar barədə tövsiyələri vəziyyəti lap pisləşdirdi. Osman isə qohumuna yüksək dəyər verirdi. Hərbi səfərlərdən birində əldə olunan 100 min dinarı Mərvana bağışladı ki, bu da narazılığın azalmasına xidmət etmədi.
Osmanın bacanağı Əli ibn Əbu Talib də baş verənlərdən narazı idi, amma daha yumşaq mövqe tuturdu. Onu yüngül tənqid edir, məsləhətlər verir, səhvlərini göstərirdi. Eyni zamanda daha kəskin narazıları sakitləşdirməyə, hadisələri məcrada saxlamağa çalışırdı.
Osmanın Misir hakimi təyin etdiyi Abdullah ibn Səddən narazı olan 500-700 misirli 656-cı ilin yanvarında Mədinəyə gələrək xəlifəyə öz iradlarını bildirdilər. Xəlifə iradları qəbul etdi və vəziyyəti düzəldəcəyinə söz verdi. Geri qayıdan misirlililər yolda ikən arxadan gələn, Mədinədən Misirə gedən çaparla rastlaşdılar. Şübhələnərək üstünü axtaranda Osman tərəfindən Misir canişinə yazılan, narazıların sərt cəzalanmasını əmr edən məktub tapdılar.
Misirlilər Mədinəyə qayıdıb Osmanı namərdlikdə ittiham etdilər. Xəlifə çaparın onun xidmətçisi olmasını, məktubdakı möhürün də özünün olmasını boynuna aldı, amma and-aman etdi ki, məktubdan xəbəri yoxdur. Tarixçilərin çoxu hesab edir ki, məktubu xəlifədən xəbərsiz Mərvan yazıb.
Amma etirazçılar inanmadılar və xəlifənin evini mühasirəyə aldılar. Mədinədə yaşayanlardan da onlara qoşulanlar oldu. Əli vəziyyəti yüngülləşdirməyə cəhd etsə də nail olmadı, çünki Mərvanın xəlifəyə təsiri onun təsirindən çox idi. Bununla belə, Əlinin oğlu Həsən xəlifənin evini müdafiə edənlər arasında idi və toqquşmaların birində yaralandı. Xəlifənin evinə su buraxmayanda (deyilənlərə görə, bunun təşəbbüsçüsü səhabə Təlhə ibn Übeydullah idi). Əli yenidən müdaxilə etdi.
Mühasirə 40 günə qədər davam etdi. İyunun 16-da Niyar ibn İyad adlı səhabə irəli çıxaraq indiki dillə desək, “aksiyanın qətnaməsi”ni oxudu. Əsas tələb Osmanın xəlifəlikdən istefası idi. Bu zaman Mərvan qulluqçulardan birinə Niyarı daşla vurmağı əmr etdi. Yəqin ki, faciəli bir şey istəmirdi, amma daş Niyarın başına dəydi və o öldü.
Ertəsi gün misirlilərdən bir neçə nəfər qonşu evin damına çıxdılar və Osmanın evinin damına tullandılar. Bacadan içəri daxil olaraq xəlifəni öldürdülər. Deyilənlərə görə, Osman bu zaman Quran oxuyurmuş.
Osmandan sonra Əli xəlifə seçildi. Ondan umduqları vəzifələri ala bilməyən Təlhə və Zübeyr ibn Əvvam (Əlinin bibioğlusu), eləcə də peyğəmbərin dul zövcəsi Aişə yeni xəlifəni Osmanın ölümündə günahlandıraraq ona qarşı üsyan qaldırdılar. Bu itithama sonralar Müaviyə də qoşuldu. Amma ittiham faktlara əsaslanmırdı, sadəcə Əli ilə düşmənçiliyə legitimlik qazandırmaq üçün idi. Təlhə, Zübeyr və Aişə özləri Osmana qarşı daha kəskin mövqe tuturdular. Bu üçlüklə Əli arasında baş verən Cəməl döyüşü haqda yaxın günlərdə yazacam.
Mərvan isə sağ qaldı və 684-cü ildə Əməvi sülaləsindən növbəti xəlifə kimi taxta çıxdı.
Yadigar Sadigli
TEREF

