Qorxunc Qusak – qəsrdə yaşayıb, özünə bunker tikdirib, Brejnevlə dost olub

16-11-2026, 09:04           
Qorxunc Qusak – qəsrdə yaşayıb, özünə bunker tikdirib, Brejnevlə dost olub
Ən yeni tarix. Maraqlı faktlar.
Çexoslovakiya prezidenti Qustav Qusak hakimiyyətə hərisliyi, ehtiyatlı davranışı və təmkinli xarakteri ilə tanınıb.
O, Praqa qəsrində yaşayıb, bahalı konyak və pivə içib, Kuba siqarlarını sevib, Sovet İttifaqının rəhbəri Leonid Brejnevlə ov səfərlərinə çıxıb.
Ölkədə siyasi təzyiqlərin hökm sürdüyü bir vaxtda Qusak krallara layiq saraylarda yaşayıb, şəxsi təhlükəsizliyi üçün yeraltı bunker tikdirib. Lakin hakimiyyətinin sonu gözlənilmədən gəlib və Çexoslovakiyanın siyasi tarixində yeni mərhələ başlayıb.
Qustav Qusak 1913-cü ildə Slovakiyada anadan olub. Kommunist hərəkatına qoşulan siyasətçi II dünya müharibəsindən sonra ölkənin siyasi həyatında mühüm mövqe qazanıb.
1968-ci ildə “Praqa baharı” adlanan islahat cəhdinin sovet qoşunları tərəfindən yatırılmasından sonra Çexoslovakiyada Moskvanın nəzarətinə əsaslanan siyasi xətt güclənib.
Qusak da bu prosesdə ön plana çıxıb və 1975-ci ildə ölkə prezidenti olub.
Onun əsas iqamətgahı Praqa qəsri olub.
Əsrlər boyu hökmdarların yaşadığı bu möhtəşəm tikilidə Qusak xarici qonaqlarla, sovet rəhbərləri ilə görüşlər keçirib və dəbdəbəli ziyafətlər təşkil edib.
Prezidentin həyat tərzi sadə kommunistlərin güzəranından xeyli uzaq olub.
Onun iqamətgahına pivə və spirtli içkilər böyük həcmdə gətirilib. Qusak siqaret çəkməyi də çox sevib.
O, saray interyerlərinin dəbdəbəsindən və yüksək statusunu nümayiş etdirən mərasimlərdən zövq alıb.
Bununla belə, prezidentin davranışında rahatlıqdan daha çox ehtiyatlılıq diqqət çəkib.
O, təhlükəsizliyinə xüsusi önəm verib. Praqa qəsrinin ətrafındakı bəzi ərazilərə giriş məhdudlaşdırılıb, hətta bağa baxan pəncərələrin bağlanması barədə göstəriş verilib.
Qusakın şəxsi mənzili paytaxtda, vaxtilə Kommunist Partiyasının Mərkəzi Komitəsinin yerləşdiyi binada olub.
Səkkiz yüzdən çox otağı olan nəhəng binada dəhlizlər və keçidlər mürəkkəb quruluşa malik olub.
Prezidentin koridorlarda vaxt itirməməsi üçün onun mənzilindən birbaşa çıxışı təmin edən ayrıca lift quraşdırılıb.
Binanın interyerində bahalı mebellər, iri çilçıraqlar, mərmər və daş üzlüklər diqqət çəkib.
Sonralar həmin dəbdəbəli məkanlardan Ceyms Bond haqqında çəkilmiş “Casino Royale” filminin səhnələrində istifadə olunub. Lakin prezidentin təhlükəsizlik tədbirləri bununla bitməyib.
Binanın altında fövqəladə vəziyyət üçün nəzərdə tutulmuş bunker yaradılıb. Burada iş otaqları, iclas zalı, yaşayış bölmələri və ərzaq ehtiyatları saxlanılan anbarlar yerləşib.
Bunkerdə prezidentin şəxsi vərdişləri də nəzərə alınıb: yüzlərlə blok siqaret və böyük həcmdə pivə ehtiyatı saxlanılıb.
Hava və suyun təmizlənməsi sistemləri ilə təchiz edilən sığınacaq nüvə hücumu kimi fövqəladə hallara hazır vəziyyətdə tutulub. Ancaq onun möhkəmliyi təbiətin sınağından keçməyib. 2002-ci ildə Vltava çayının daşması nəticəsində bunker su altında qalıb, sənədlərin və əşyaların bir hissəsi məhv olub.
Qusakın xarici siyasətində Moskva ilə münasibətlər əsas yer tutub. O, sovet rəhbəri Leonid Brejnevlə xüsusilə yaxın münasibətləri ilə seçilib.
İki lider Tatralarda ova çıxıb, istirahət edib və uzun ziyafətlər təşkil ediblər.
Ovdan sonra onları sauna və şərab zirzəmisi olan kottec gözləyib. Brejnev Qusakın həyat tərzinə də təsir göstərib.
Sovet lideri kimi o da ordenlərə, fəxri adlara və təntənəli mərasimlərə xüsusi maraq göstərib.
Qusak Çexoslovakiyanın ən yüksək mükafatları ilə yanaşı, “Lenin” ordeni ilə də təltif olunub.
İki siyasətçinin münasibətlərini simvolizə edən hadisələrdən biri Brejnevin Qusakı üç dəfə öpməsi olub.
Sovet rəhbərinin məşhur salamlaşma tərzinin bu nümunəsi sonralar siyasi tarixlə bağlı fotolarda və xatirələrdə yer alıb. Qusak ölkə daxilində siyasi sərtliyin qorunmasına və Moskva ilə yaxınlığın davam etdirilməsinə üstünlük verib.
Onun hakimiyyəti dövrü müxalif fikirlərin məhdudlaşdırılması, senzura və siyasi təzyiqlərlə yadda qalıb.
1989-cu ildə Şərqi Avropada kommunist rejimləri bir-birinin ardınca süqut etməyə başlayıb.
Çexoslovakiyada da kütləvi etirazlar genişlənib. Tarixə “məxməri inqilab” adı ilə düşən hadisələr nəticəsində kommunist hakimiyyəti zəifləyib və Qusak prezident vəzifəsindən getməyə məcbur olub.
Hakimiyyətdən ayrıldıqdan sonra o, ictimai-siyasi həyatdan uzaqlaşıb, ömrünün son dövrünü Bratislavada keçirib.
1990-cı ildə Kommunist Partiyasından xaric edilib və bir ildən sonra vəfat edib.
Qustav Qusakın həyatı kommunist ideologiyasının təbliğ etdiyi bərabərliklə hakim elitanın dəbdəbəli yaşayışı arasındakı ziddiyyəti aydın göstərib.
O, bir tərəfdən Moskvanın etibarlı müttəfiqi və Brejnevin yaxın dostu olub, digər tərəfdən isə ölkəsində siyasi azadlıqların məhdudlaşdırılması ilə yadda qalıb.
Hakimiyyəti sona çatanda isə illərlə yaşadığı saraylar, şəxsi bunker və ordenlər onu dəyişən tarixi proseslərdən xilas edə bilməyib.
İlkin Nəcəf. П














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]