Tağıyevin qız məktəbinə dəvət olunanların heç biri təsadüfi adamlar deyildi...

5-10-2026, 11:08           
Tağıyevin qız məktəbinə dəvət olunanların heç biri təsadüfi adamlar deyildi...
"Mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi də görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur".
H.Z.Tağıyev.
Nağı Keykurun 'Azerbaycan iatiklal mücadelesi hatıraları ' kitabında qız məktəbinin açılışı ilə bağlı xatirələrində yazır ki, Hacı açılışda sevincindən qəhərlənərək ağlayıb və bir neçə dəqiqə danışa bilməyib. Nəhayət sakitləşəndən sonra məktəbə ianə kimi 145 min verib, o biri pullulara deyib ki, "məndən az verə bilməzsiniz. Torqovıdakı pasajımın gelirimin də hamısı universitetindir".
O vaxt indi mövcud olmayan Aleksandr Nevski kilsəsinin keşişi A.Yunitski üzünü Tağıyevə tutub deyir: “Hacı, Siz həyatda çox xeyirxah işlər görmüsünüz. Siz çoxdan bu xeyirxah əməllərdən gözəl çələng toxumusunuz. Amma sizin Bakıda yaratdığınız rus-müsəlman məktəbi bu çələngdə qiymətli brilyant kimi xüsusi parlayacaq. Harda qızılgül varsa, orda tikan da olur. Ola bilsin, sizin bu müqəddəs əməli pisləyənlər də tapılar. Möhkəm olun – həqiqət sizin tərəfinizdədir”.
1901-ci ilin oktaybrın 5-də böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi inşa edilərək açılıb. Bu, Cənubi Qafqazda və ümumiyyətlə bütün müsəlman şərqində müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi. Bunun məntiqi davamı kimi 1918-ci ildə Şərqdə ilk dəfə zərif cinsin nümayəndələrinə seçmək və seçilmək hüququ məhz müstəqil Azərbaycanda verildi.
Keşişdən sonra quberniya qazısı Axund Hacı Cavad Molla ağa Əlizadə çıxış edir. Görünür, qızlar məktəbinin əleyhdarlarını sakitləşdirmək üçün qazı deyir: “Ümid edirəm ki, bu məktəbin nizamnaməsində yazıldığı kimi, müsəlman şəriətinin bütün tələblərinə əməl olunacaq”.
Həmin gün məktəbin direktoru Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi təyin olunur. Müdir müavini və müəllimi vəzifəsi isə Litva tatarı Azərbaycan Cümhuriyyəti ordusunun baş qərargah rəisi olacaq Süleyman bəy Sulkeviçin həyat yoldaşı Məryəm xanım Sulkeviç olur.
Şəriət və tatar dili müəllimi vəzifəsinə Axaltsıx şəhər sakini Əsmət xanım Məmmədəmin Əfəndi qızının namizədliyi irəli sürülür.
İkinci şəriət və tatar-Azərbaycan dili müəllimi vəzifəsini tutmaq üçün isə Quba şəhər sakini Səkinə xanım Hacı Mir Heybət bəy qızının ərizəsi qəbul olunur...Bu xanım sonralar Səkinə xanım Axundzadə imzası ilə dram əsərləri də yazacaqdı...
Bəli, Tağıyevin qız məktəbinə dəvət olunanların heç biri təsadüfi adamlar deyildi...
Baxmayaraq ki, Bakıda hələ 1901-ci il idi
Baba Allahnəzərov
TEREF















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]