İlahi, dinozavrları öldürdüyün meteoritlərdən daha qalmayıb?
5-10-2026, 10:18

Yox, ürəyim rahat olmur, yazmalıyam. Dedim, mən də bu şorbaya bir az duz səpim.
Həqiqətən də baxdıqca görürəm ki, bizimlə Türkiyədəkilərin təkcə dili, qanı, mədəniyyəti yox, təfəkkür tərzi və siyasi söhbətə münasibəti də eynidir.
Prezident bir cümlə deyib: qələbəni özümüz qazanmışıq.
Ə, qazanmışıq da. Üç mindən artıq şəhid vermişik, minlərlə yaralımız olub. Azərbaycan ordusu döyüşüb. Burada qəribə nə var?
Amma sosial şəbəkə alışır...
Biri Azərbaycandan yazır:
- Bu söz Türkiyəyə atılmış daşdır!
O biri Türkiyədən cavab verir:
- Zaten Azeriler bizi hiçbir zaman sevmedi!
Ay qardaş, ay arkadaş, Prezident Türkiyənin adını harada çəkdi? Cümlənin içindən Türkiyəni necə tapdınız? Rentgenlə baxdınız?
İndi İlham Əliyev çıxıb desə ki; ay mənim tırkaya gedən əziz xalqım, mən o sözü deyəndə Türkiyəni nəzərdə tutmamışdım.
Ardınca Ərdoğan da çıxıb desə: heyyyy, benim kardeşim İlham!
Vəssalam. Dövlət başçılarının bu sözündən sonra can-ciyər olacıq... Amma hal-hazırda Qubanın Xınalıq kəndində Qulamla Doğubəyazitdəki Mehmet Ali qanlı-bıçaqdır.
Qulam səhər saat beşdə durub qoyununu aparır, axşam səkkizdə yorğun-arğın evə gəlir, pendir-çörəyini yeyir. Gözləri yumulur, amma vətənin taleyi imkan vermir yatmağa.
Telefonu götürüb Facebook-a girir:
- Türklər onsuz da həmişə belə olub daa!
Ay Qulam, qoyunların sabah yenə səni gözləyəcək, yat da...
Doğubəyazitdə Mehmet Ali də səhərdən yer belləyib, traktor sürüb, axşam gəlib quru fasulyasını yeyib. Onun da gözləri yumulur. Amma geopolitik vəziyyət ağırdır. Mütləq Qulama cavab verməlidir:
- Azeriler bizi hep arkadan vurdu!
Ay Mehmet Ali abi, sən də yat. Sabah traktor səni gözləyir.
Qulamla Mehmet Ali dünənə qədər bir-birinə "can qardaşım" deyirdilər. Bu gün bir siyasətçinin bir cümləsinə görə bir-birinin yeddi arxa dönənini söyürlər.
Sabah həmin siyasətçilər görüşəcəklər, qucaqlaşacaqlar, kameraların qabağında gülümsəyib "qardaşlıq münasibətlərimiz sarsılmazdır" deyəcəklər.
Qulamla Mehmet Ali isə indi Facebook-da bir-birinin ulu babasını axtarır.
Ay camaat, bəsdirin dəə. Dövlətlərin marağı var, siyasətçilərin hesabı var. Bu gün sözləri düz gəlməz, sabah düz gələr. Bu gün narazılıq olar, sabah telefonla danışıb məsələni bağlayarlar.
Vallah, bizi idarə etmək üçün nə tank lazımdır, nə top. Bir fit kifayətdir. Biri fit çalır, qalan işi Qulamla Mehmet Ali görür.
Sonra da deyirik:
- Bizi kim bu günə qoydu?
İlahi, dinozavrları öldürdüyün meteoritlərdən daha qalmayıb?
Namiq Haşimzadə
TEREF

