Bir səhv necə Nobelə çevrildi?

5-10-2026, 00:13           
Bir səhv necə Nobelə çevrildi?
Alfred Nobel haqqında məşhur bir əhvalat var. Deyilənə görə, bir gün qəzetdə öz nekroloqunu oxuyur. Guya həmin yazı Nobeli sarsıdır və ondan sonra vicdan əzabı çəkir. Qərara gəlir ki, ölümündən sonra bəşəriyyət onu başqa cür xatırlasın. Gözəl hekayədir. Amma tarix bunu tam təsdiqləmir.
Nobel əslində nitroqliserini kəşf etməmişdi. Bu maddəni italyan kimyaçısı Ascanio Sobrero yaratmışdı. Nobel isə son dərəcə təhlükəli olan nitroqliserini daha idarəolunan hala gətirməyin yolunu taparaq 1867-ci ildə dinamitin patentini aldı. Əlbəttə ku, bu ixtira ona böyük sərvət qazandırdı. Amma Nobel laboratoriyada yalnız pul qazanmırdı. O bu təcrübələri aparan zamanı partlayışlar baş verir və nəticədə insanlar ölürdü. Hətta 1864-cü ildə həlak olanlar arasında onun kiçik qardaşı Emil də vardı.
Bir çox insan üçün bu nöqtədə hekayə bitə bilərdi. Amma Nobel dayanmadı. O, nitroqliserini kieselqur adlı məsaməli materialla birləşdirərək onu daha təhlükəsiz, daşına bilən və idarəolunan maddəyə çevirdi və 1867-ci ildə bu maddəyə dinamit adını verdi.
Bu maddə tikintini, mədənçiliyi və tunel qazıntılarını asanlaşdıran ixtira olsa da digər tərəfdən partlayıcı maddə olduğu üçün təhlükəli idi.
Və insan həyatını asanlaşdıran bir ixtira eyni zamanda insan həyatını məhv etmək üçün də istifadə oluna bilərdi. Alfred Nobel ömrünün sonuna qədər bu paradoksun içində yaşadı.
Deyilənə görə Alfred Nobel ömür boyu vicdan əzabı çəkdiyi üçün sərvətinin böyük hissəsini ölümündən sonra Nobel mükafatlarının yaradılması üçün vəsiyyət edib.
1901-ci ildən etibarən bu mükafatlar elm, ədəbiyyat və sülh sahələrində insanlığa mühüm töhfələr verən şəxslərə və qurumlara təqdim edilməyə başladı.
Və beləcə, partlayıcı maddə ilə varlanan bir sənayeçinin adı zaman keçdikcə yalnız dinamitlə deyil, elm, ədəbiyyat və insanlıq üçün görülən işlərlə yanaşı çəkilməyə başladı.
Bəs bunu vicdan əzabı ilə izah etmək olarmı?
Əlbəttə ki, tam yox.
Nobelin yazışmaları onun yalnız ixtiraları və biznesi ilə yaşayan bir insan olmadığını göstərir. Yəni Alfred Nobeli yalnız dinamitlə xatırlamaq mənə görə bir az da ədalətsizlik ola bilər.
Alfred Nobel gəncliyində şeirlər yazıb. Onun ədəbi yaradıcılığa və fəlsəfəyə ciddi marağı olub. Nobel özünü peşəkar şair hesab etmirdi, amma buna baxmayaraq yazılarını ciddi hesab edirdi. Hətta o, roman və pyes də yazmağa cəhd etmişdi. Yəni onu yalnız kimyaçı, ixtiraçı və sənayeçi kimi təqdim etmək doğru olmaz.
A. Nobelin Bertha von Suttnerlə uzun illər davam edən yazışmaları müharibə və sülh məsələlərinə ciddi maraq göstərdiyini ortaya qoyan ən əhəmiyyətli faktdır.
Nobel yazdığı ən məşhur şeiri “A Riddle” ( Bir sirr) şeirində isə həyatın mənası, ölüm, tənhalıq və insanın dünyadakı yeri kimi mövzulara toxunurdu. Yəni qarşımızda yalnız laboratoriyada partlayıcı maddə hazırlayan sənayeçi yox, öz həyatı və insanlığın gələcəyi haqqında düşünən mürəkkəb bir şəxsiyyət vardı. Onun bir məktubunda belə bir cümlə keçir: “Mənim təbii meylim ölülərə şərəf verməkdənsə, yaşayanlara kömək etməkdir.”
Bəlkə də elə buna görə Nobel mükafatlarının yaranmasına yalnız “vicdan əzabı” prizmasından baxmaq doğru deyil. Çünki bəzən insanın verdiyi ən mühüm qərarın səbəbi bir gün yaşadığı peşmanlıq yox, illərlə içində gəzdirdiyi suallar olur. İnsanın yaratdığı şeydən daha vacib olan, yaratdıqlarına necə baxmağa başlamasıdır.
Gunel Musa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]