Boyun əymək sindromu
4-10-2026, 00:01

Əslində boyun əymək həmişə qorxaqlıq deyil.
Bəzən insan susur, çünki ailəsini qoruyur.
Bəzən işini itirmək istəmir. Yaxud qarşısındakı adamın gücünü bilir və mübarizəyə sərf edəcəyi enerjinin nəticəyə dəymədiyini düşünür. Bunların hamısı başadüşüləndir. Amma insan seçim edə bildiyi halda hələ də başını aşağı salırsa qarşısında heç kim dayanmasa da, boynu əyilmiş vəziyyətdə qalacaq.
Qoqolun “Şinel”ini çoxumuz oxumuşuq yəqin ki. Qoqolun qəhrəmanı Akaki Akakiyeviç sadəcə kasıb, çəkingən, öz dünyasına qapılmış bir məmurdur. Amma hekayəyə bir az başqa tərəfdən baxanda qarşımıza daha acı bir mənzərə çıxır. Akaki Akakiyeviçin faciəsi təkcə kasıb olması deyildi. Onun faciəsi özünün kiçik olduğuna inanması idi. O, dünyadan böyük şeylər istəmirdi. İşini görmək, yazılarını köçürmək, sakit yaşamaq və heç kimin ona toxunmamasını istəyirdi. Hətta iş yoldaşlarının lağlağısına belə demək olar ki, müqavimət göstərmirdi. Onun bütün etirazı bir neçə kəlmədən ibarət idi: “Buraxın məni, niyə incidirsiniz?”
Amma bu cümlənin arxasında belə böyük bir etiraz yox, daha çox icazə istəmək vardı.
Sanki insan ona edilən haqsızlığa qarşı çıxmaq üçün əvvəlcə qarşı tərəfdən icazə almalıdır.
Qoqolun yaratdığı dünyanın dəhşəti də buradadır. Orada insanı əzən təkcə vəzifəli şəxslər deyil. İnsanı əzən bir sistemli münasibət var: yuxarıdakının sözü söz, aşağıdakının həyatı isə əhəmiyyətsizdir.
Akaki yeni şinel alanda isə ilk dəfə həyatında bir az dəyişir. Birdən-birə onu görürlər.
Şinel onun üçün sadəcə paltar deyil. Sanki ilk dəfə cəmiyyət qarşısında “mən də varam” deməyin maddi sübutudur.
Amma şinel oğurlananda yalnız paltarını itirmir.
Özünün cəmiyyət qarşısındakı o kiçik dayağını da itirir. Kömək üçün müraciət etdiyi “mühüm şəxs” onun dərdini dinləmək əvəzinə öz mövqeyinin böyüklüyünü göstərir. Akaki isə yenə susur. Çünki o, ömrü boyu bir şeyi öyrənib. Yuxarıdakına etiraz etmək olmaz.
Mən buna tibbi termin kimi yox, sosial bir metafora kimi “boyun əymək sindromu deyirəm. Bəlkə də boyun əymək sindromunun ən təhlükəli simptomu başın aşağı düşməsi deyil. Müəyyən zamandan sonra başın aşağı olduğunu artıq hiss etməməkdir.
Gunel Musa

