İnsan hansı sahədə olursa olsun tükənəndə mütləq getməyi bacarmalıdır.
3-10-2026, 12:08

Bu müəllimin istefasında məni düşündürən əsas məqam məhz budur. İyirmi il eyni peşədə çalışıb, artıq bu işin ona həyat enerjisi vermədiyini düşünürsə, çıxıb getmək onun haqqıdır. Hətta bəzən insanın özünə və peşəsinə edə biləcəyi ən dürüst hərəkət elə budur.
Bəlkə də yerini daha enerjili, daha müasir düşünən birinə vermək də müəllimə yaraşan son məsuliyyətdir.
Bəs neçə müəllim çoxdan istefa verməli olduğu halda hələ də məktəbdə oturur? Çünki bu gün məktəbdə elə müəllimlər var ki, illər əvvəl tükəniblər. Psixoloji olaraq da artıq bu peşədə deyillər. Müasir uşağa verə biləcəkləri yenilik, maraq, enerji qalmayıb. Amma getmirlər.
Niyə?
Çünki məktəb artıq onlar üçün sadəcə iş yeri deyil. Şəxsi biznes mərkəzinə çevrilib.
Məktəbdəki mövqeyi, şagird çevrəsi, hazırlıq sistemi, illərlə yaratdığı əlaqələr hesabına özünə bir monopoliya qurub. Sinif, kabinet, hazırlıq, valideyn. Hamısı bir-birinə bağlanıb. Özü isə illərdir dəyişməyən metodlarla, amma dəyişən nəsillərin qarşısında dayanıb.
Belə vəziyyətdə problem artıq müəllimin yorulması deyil.
Problem yorulduğunu bilə-bilə getməməsidir.
İndi müəllim ordusunun bir hissəsi deyəcək ki “Əvvəl müəllimə normal maaş verilsin, sonra danışın.”
Və söhbət yenə gəlib maaş müqayisələrinə çıxacaq: filan ölkədə müəllim bu qədər qazanır, bizdə bu qədər.
Yaxşı, gəlin bir anlıq soyuq başla, emosiyasız düşünək.
Təhsilimizdəki yeganə problem doğrudanmı müəllimin maaşıdır?
Əlbəttə, müəllimin əməyinin adekvat ödənilməsi vacib məsələdir. Amma maaşı artırdıq və sabah bütün müəllimlərin əməkhaqqısını ikiqat etdik.
Təhsil sisteminin hansı problemləri avtomatik həll olunacaq?
Bir çox müəllimin öz peşəsinə münasibəti dəyişəcəkmi?
Əksinə, maaş artımını keyfiyyət, məsuliyyət və peşəkar inkişaf mexanizmləri ilə əlaqələndirməsək, sadəcə daha çox maaş alan eyni sistemi əldə edə bilərik.
Gunel Musa

