Əgər bir əsgər xidmət yerini özbaşına tərk edirsə, bu o deməkdir ki, həmin yerdə ciddi problemlər var.

2-10-2026, 07:47           
Əgər bir əsgər xidmət yerini özbaşına tərk edirsə, bu o deməkdir ki, həmin yerdə ciddi problemlər var.
Bir neçə gündür sosial şəbəkələrdə itkin düşdüyü deyilən Azərbaycan əsgəri bu gün Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Burada diqqət çəkməli olacağımız bir neçə nüans, daha dəqiqi problem var. Başlayaq öncə kommunikasiyadakı problemdən. Əsgər itkin düşüb. Əsgərin valideynləri bir neçə gündür ki, sosial şəbəkələr vasitəsilə dövlətə müraciət edir, övladlarının itkin düşdüyünü bildirirlər. Yeri gəlmişkən, valideynlər qeyd edirlər ki, əsgəri kimlərsə sıxışdırırmış. Bu, təbii ki, istintaqdan sonra məlum olacaq. Sentyabrın 26-dan bir əsgər itkin düşürsə və onun valideynləri sosial şəbəkə vasitəsilə axtarış aparırsa, bu o deməkdir ki, vətəndaşla, əsgərin ailəsi ilə Quru Qoşunları və Müdafiə Nazirliyi arasında kommunikasiya ya yoxdur, ya da olubsa, çox başdansovdu olub. Ümumiyyətlə, Azərbaycanda ən böyük problemlərdən biri böhranlı vəziyyətdə qurumların ictimaiyyətlə arasındakı rabitənin ya itməsi, ya da elə bir həddə olmasıdır ki, "olmasa, ondan yaxşı olar" deyirsən. Misal üçün, Azərbaycan təyyarəsi Rusiya səmasında vurulanda hava limanında bir mətbuat konfransı keçirildi. O mətbuat konfransı sözün hər mənasında faciə idi. Geyimdən tutmuş bütün davranışlara qədər qurumlardakı böhranlı vəziyyətə hazırlığın sıfır olduğunun təzahürü idi. Bu barədə çox danışmışıq, keçək digər məsələlərə.
Bütün səbəbləri qoyaq kənara, soyuq başla analiz edək: əgər bir əsgər xidmət yerini özbaşına tərk edirsə, bu o deməkdir ki, həmin yerdə ciddi problemlər var. Nizam-intizamdan tutmuş, növbətçilik və postlararası keçidlərdə hərəkətə nəzarət edən patrul xidmətinin zəifliyi, şəxsi heyətin yoxlanılması mexanizminin gecikməsi, texniki müşahidənin çatışmazlığı, komandir heyətinin daxili nəzarətinin zəif olması və digər məsələlər... Daha da irəli getmək istəmirəm, çünki cinayət işi açılıb, onsuz da çox adamın başı ağrıyacaq.
Gələk qarşı tərəfə. Ermənistan tərəfi bildirir ki, Azərbaycan əsgəri Sünikin Şəkiki kəndində saxlanılıb. Bu da sözügedən mövqedən təxminən hava məsafəsi olaraq 10-12 km deməkdir. Bir əsgər öz mövqeyini tərk edir, qarşı tərəfə doğru hərəkət edir. Bu o deməkdir ki, qarşı tərəfin postlarında ayıq-sayıqlıq sıfıra bərabərdir. Bundan əlavə, bu həm də o deməkdir ki, Ermənistan ordusunun da texniki müşahidə aparmasında ciddi problemlər var. Başa düşürəm, ərazi dağlıqdır, dərə-təpələr çoxdur, sıx meşə var. Ancaq orduda bəhanə gətirirsənsə, ölmüsən deməkdir! Problem təkcə Ermənistan ordusunun ön postları ilə də bağlı deyil. Əgər bir əsgər 5 gün ərzində Ermənistan daxilində 12 kilometr irəliləyə bilirsə, bu, Ermənistan Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının dərinlikdə heç bir ciddi eşelonlaşdırılmış müdafiə və müşahidə sisteminin olmadığını sübut edir. Ermənistan ordusu ərazidə kəşfiyyat və patrul nəzarətini tam itirib. Əslində əsgərin bu keçidi Azərbaycan ordusu üçün ciddi kəşfiyyat məlumatları da vermiş olur.
Bunları yazmaq nəyə lazımdır? Azərbaycanla Ermənistan arasında hələ də sülh müqaviləsi yoxdur. Azərbaycan və Ermənistan tərəfi eskalasiyaya maraqlı olmasa da, hansısa kənar bir güc istənilən vaxt diversiya, təxribat törədə bilər.
Ermənistan mətbuatında yer alan xəbərlərdə deyilir ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti qarşı tərəflə əlaqə saxlayıb, məsələ ilə bağlı Ermənistanı məlumatlandırıb. Bu prosesin eskalasiyaya çevrilməməsinin səbəbi DTX-nin qarşı tərəfi operativ məlumatlandırmasıdır. Bu xəbərdarlıq olmasaydı, Ermənistan ordusu bunu "hərbi diversiya qrupunun sızması" kimi qiymətləndirib sərhəddə genişmiqyaslı atışma da başlada bilərdi.
Azərbaycanla Ermənistan arasında razılaşmaya əsasən, qəsdən təxribat törətməyən, azaraq və ya fərdi səbəblərdən sərhədi keçən hərbçilər cinayət təqibinə məruz qalmadan tez bir zamanda qarşılıqlı qaytarılmalıdır. Ona görə də əsgərin qısa zamanda Azərbaycana qaytarılacağı gözləniləndir.
Səxavət Məmməd
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]