Əgər 12 yaşlı uşaq düşünmürsə, 18 yaşlı tələbə sual vermirsə, 25-50 yaşlı müəllim dərsi yalnız kitabdakı mətnlə məhdudlaşdırırsa, burada artıq fərdi qüsurdan daha böyük bir məsələ var.

30-09-2026, 15:02           
Əgər 12 yaşlı uşaq düşünmürsə, 18 yaşlı tələbə sual vermirsə, 25-50 yaşlı müəllim dərsi yalnız kitabdakı mətnlə məhdudlaşdırırsa, burada artıq fərdi qüsurdan daha böyük bir məsələ var.
Elm və təhsil naziri Emin Əmrullayev son illərdə müxtəlif çıxışlarında öyrənmənin keyfiyyəti, müəllimin rolu, şagirdin motivasiyası və son vaxtlar süni intellektdən istifadənin yaratdığı problemlər barədə danışır. Məsələn, nazir bildirir ki, süni intellektdən sadəcə hazır cavab almaq üçün istifadə edən şagird daha yaxşı nəticə göstərmir.
Aydın məsələdir ki, düşünmək əvəzinə cavabı köçürmək insanı daha savadlı etmir.
Bəs uşağa düşünməyi kim öyrədəcək?
Əgər müəllim illərlə proqramı çatdırmaq, mövzunu bitirmək, qiymətləndirmə aparmaq və hesabat vermək arasında sıxışıb qalıbsa, ondan bir anda Sokrat olmağını tələb etmək olmaz.
Əgər dərslik uşağa sual vermək əvəzinə yalnız cavabı əzbərlətməyə hesablanıbsa, uşağın düşünməməsinə təəccüblənmək də bir az qəribədir.
Əgər məktəbdə səhv cavab vermək uşağın xəcalət çəkməsinə, düzgün cavab vermək isə sadəcə “5” almağına xidmət edirsə, biz hansı düşüncə mədəniyyətindən danışırıq?
Şagird sistemin ən müdafiəsiz tərəfidir. Onun nə naziri var, nə mətbuat katibi, nə də müsahibə verib özünü müdafiə etmək imkanı.
Amma təhsil yalnız şagirdin intellekti ilə ölçülmür. Uşağın qarşısına hər gün yüzlərlə məlumat qoymaq onu intellektual etmir.
Əgər bir sinifdə 30 uşaq oturub və 40 dəqiqə ərzində yalnız müəllim danışırsa, orada təhsil prosesi gedə bilər. Amma düşüncə prosesindən söhbət gedə bilməz.
E. Əmrullayevin 2020-ci ildə söylədiyi bir fikir də bu baxımdan maraqlıdır. O zaman nazir təhsilin sadəcə məlumatın bir mənbədən digərinə ötürülməsi olmadığını, bunun beynin, hafizənin, bacarığın və yaradıcılığın inkişafı olduğunu vurğulamışdı.
Deməli, məsələ yalnız uşağın “intelleksizliyi” deyil.
Əgər 12 yaşlı uşaq düşünmürsə, 18 yaşlı tələbə sual vermirsə, 25-50 yaşlı müəllim dərsi yalnız kitabdakı mətnlə məhdudlaşdırırsa, burada artıq fərdi qüsurdan daha böyük bir məsələ var.
Sistemin insan yetişdirmək qabiliyyəti.
Gunel Musa
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]