Əgər Allahın bu dünyada bir evi varsa, onun qübbəsi yoxdur.
30-09-2026, 00:01

Kainatın Sahibi, səmaları ulduzlarla bəzəyən, sonsuzluğu yaradıb ona sərhəd qoymayan Allah bir evə möhtac deyil. Amma insan əsrlərdir Ona ev tikir... qızıl qübbələr, mərmər divarlar, göyə sancılan minarələr, nəhəng qapılar... Sonra həmin qapının önündə bir insan acından əl açır.
İçəridə minlərlə çıraq yanır, bayırda bir uşaq soyuqdan titrəyir. İçəridə xalçalar ayaqlarımızı isidir, bayırda bir qoca gecəni karton parçasının üstündə keçirir. İçəridə Allahın adı qızıl hərflərlə yazılır, bayırda Onun yaratdığı insan bir tikə çörək üçün boynunu bükür.
Nə qəribə ibadətdir... Ehtiyacı olmayana saray tikirik, ehtiyacı olana bir otaq vermirik.
Biz Allahı axtardığımız yeri səhv salmışıq. O, mərmərin içində deyil, üşüyən uşağın gözlərindədir. Qızıl minarənin ucunda deyil, ac insanın titrəyən əlindədir. Ona gedən yol səcdədən əvvəl bir yetimin başına çəkilən sığaldan, bir ac insanla bölünən çörəkdən, küçədə qalan adama açılan qapıdan keçir.
Çünki dua yalnız göyə üz tutub əl açıb deyilən söz deyil.
Dua yerə əyilib yıxılan bir insanı qaldırmaqdır.
Məscid, kilsə, sinaqoq insanın Yaradanı xatırladığı müqəddəs məkan ola bilər. Amma onların qapısında bir insan ac yatırsa və heç kim onun səsini eşitmirsə, demək, Xatırlanan xatırladılan yerdə yoxdur...
Biz Allaha ev tikmirik. Öz vicdanımızın ətrafına divar hörürük. Sonra o divarların içində əllərimizi göyə qaldırıb Allahı çağırırıq. Halbuki Tanrı qapının o biri tərəfində, soyuqdan titrəyən bir insan qəlbində bizi gözləyir.
Əgər Allahın bu dünyada bir evi varsa, onun qübbəsi yoxdur.
Onun evinin divarları daşdan deyil, mərhəmətdəndir. Qapısı ədalətdən qoyulub, təməli vicdandan tikilib.
Və o ev sınıq qəlblərdədir....
Namiq Haşimzadə
TEREF

