Ceyhun Bayramli ilə “Babək və Xürrəmilik” VİDEO
29-09-2026, 09:34

Dostlar və izləyicilərimiz xatırlayır ki, tarixçi Elnur Nəsirovla daha bir debatımız baş tutmuşdu, mövzu “Babək və Xürrəmilik” idi. Bu debatın videosu ilkin variantda avqustun sonlarında verilmişdi ki, debat zamanı səsləndirdiyimiz iddiaların dəlillərini və ya qarşı tərəfin arqumentləri ilə bağlı faktları toplayıb videonun son variantını hazırlayaq. Yeni dərs ilinin başlanması ilə əlaqədar bir müddətdir hədsiz məşğul olduğuma görə sözügedən dəlilləri tam şəkildə təqdim etmək fürsətim olmamışdı. Bu günlərdə dedilər ki, sələfilərin youtube-dakı “Tövbə Zamanı” kanalı debat videosunu Elnur Nəsirovun dəlilləri əsasında paylaşıb. Debatın elə əvvəlindən bəlli oldu ki, qarşı tərəfə nə Azərbaycan tarixinin mühüm bir dövrünə işıq salmaq, nə də Babək və Hürrəmilərlə bağlı həqiqətləri ictimaiyyətə obyektiv çatdırmaq niyyəti maraqlı deyil. Videonun bu cür birtərəfli, sanki hər addımda E.Nəsirov haqlı, mənsə haqsızammış kimi təqdim edilməklə paylaşılması həm qərəzdən, həm kanalın və tarixçinin hər vəchlə inkar etməyə çalışdığı aşırı məzhəb təəssübkeşliyindən xəbər verir.
Debatın gedişində opponentim E.Nəsirovun tutduğu əsas mövqe bacardığı qədər Babək şəxsiyyətini, Hürrəmiləri aşağılamaqdan ibarət oldu. Elə Hürrəmilərə düşmən olan xilafət tarixçilərinin ən ucuz böhtan və iftiralarını belə təkrarlayaraq həqiqət donunda təqdim etmə cəhdlərini göstərmək yetərlidir. Və bu mövqeni sərgiləyərkən opponentim heç bir halda erməni mənbə müəlliflərinin və erməni tarixçilərinin Babək və Hürrəmilərlə bağlı mövqeyini eynilə təkrarladığının fərqində deyildi. Necə ki, erməni tarix yazarları Babəki “quldur”, “başkəsən”, “dinsiz” kimi təqdim ediblər, Elnur Nəsirov da Babək və Hürrəmiləri bütün debat boyunca eynilə bu sayaq təqdim etməyə çalışdı.
Debatın yayımlanmış birtərəfli versiyasını izlədikdən sonra, vaxtımın hədsiz azlığına baxmayaraq, həm qarşı tərəfin mənbə manipulyasiyaları, həm də bir sıra əsassız iddiaları ilə bağlı çoxsaylı arqument və dəlillərimi həmin epizodlarla bir yerdə ayrıca video-süjetlər halında sizlərə təqdim etməyi, daha sonra isə hər iki tərəfin dəlillərinin əks olunduğu tam variantı paylaşmağı qərara aldım. Kim hansı məsələdə hansı mövqedədir, kim öz mövqeyi ilə nəyə xidmət edir aydın bilinsin. Bu arada, opponentimin debat boyu bir neçə dəfə öncəki debatdakı iddialarına tamamilə zidd fikirlər səsləndirməsini də bu paylaşımlarda görəcəksiniz. Nəticə çıxarmağı izləyicilərimizin öz öhdəsinə buraxıram.
Beləliklə, “Babək və Hürrəmilər” mövzusunda debatla bağlı ilk qısa videonu təqdim edirəm. Rəy yazan hər kəsdən fikrini etik normalar çərçivəsində söyləməsini xahiş edirəm.
Ceyhun Bayramli

