Əvəzsiz Əvəz - Şəm məzmunlu İnsan

29-09-2026, 08:44           
Əvəzsiz Əvəz - Şəm məzmunlu İnsan
Əvəz. Düzünü desəm, onun adını heç vaxt bəyənməmişdim. Adətən bu adı uşağa hansısa dəyərli adamı əvəz etməsi ümidi ilə qoyurlar. Əvəz isə xaraktercə nə kimisə əvəz edəcək, nə də özü əvəz olunacaq adam idi. Məhz bu səbəbdən də mən hər dəfə ona müraciət edəndə beynimdə özünə layiq epitetini də səsləndirirdim – Əvəzsiz Əvəz.
Bəli, Əvəz əvəzsiz adam idi. Nə yazıq ki, onu ən azı mənim ömrümün sonuna qədər əvəz edəcək bir Allah bəndəsi də tapılmayacaq.
Düzünü desəm, həbsxanadan çıxandan sonra onun görüşünə gedə bilmədim. Çünki ağır bir xəstəliyə düçar olduğunu bilir, gözümün qabağında zərrə-zərrə əriməsini görmək istəmirdim. Amma tez-tez paylaşdığı şəkillərində onu qiyabi olaraq görür və mum kimi əridiyini sezirdim. Hər dəfə də Füzulinin məşhur misralarını xatırlayırdım:
“Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?”.
Niyə bu misraları xatırladığımı soracaqsınız? Zira Füzuli bu misrasının məzmununda gecələr yana-yana əriyən şəm (mum) məzmunu var. Elə bir şəm ki, gecədən sübhə qədər yanır, onun ahu-fəqanına çevrilib bədənimi əridən şöləsi sonunda Günəşin doğması ilə öz müqəddəs funksiyasını tamamlayır. Nəticədə zülmətin qoynunda dərin yuxulara qərq olan insanlar işıqlığa çıxaraq oyanır. Amma şəmin hisdən qaralmış bəxti isə oyanmaq bilmir, növbəti gecədə yanmaq üçün söndürülür.
Bəzən mənə elə gəlirdi ki, Əvəzin, daha doğrusu, Əvəzsiz İnsanın da həyatında bir şəm məzmunu gizlənmişdi. O da bu dünyada həyatı boyunca xalqı oyatmaq üçün için-için yanırdı. Nə yazıq ki, tale onu öz xalqının aydınlığa çıxarmasını görmədən söndürdü. Şərq dinlərindəki reinkarnasiya inancım olsaydı, Əvəzin bu şəm missiyasını başqa bir zamanda davam etdirməsi üçün söndürüldüynə inanardım. Amma buddist olmadığımdan reinkarnasiyaya da inanmıram və bəlkə həyatımda ilk dəfədir ki, bunu özümün zəifliyi kimi hiss edirəm.
Əvəzin öləsi adam deyildi. Elə bu səbəbdən də ona “öldü” deyə bilmirəm. Kim bilir, bəlkə Əvəz həqiqətən də ölməyib, sadəcə dünyasını dəyişib. Nahaqq dünyasından Haqq dünyasına köçüb. Çirkablar içərisində çabalayan biz dirilərin dünyasından böyük dahilərin də məskunlaşdığı əsl dünyaya uçub. Nəsimi demişkən,
“Var bu cahandan özgə bizim bir cahanımız,
Surət bu aləm oldu bizə, ol məkanımız”.
Yeni dünyanda sənə cənnət rahatlığı arzulayıram, Əvəz bəy. Darıxma, hamımızın əvvəl-axır qapısını döyəcəyimiz evimizdəsən. Sən yenə də bizi qabaqladın. Əminəm ki, bu dünyada tamarzı qaldığın Ədaləti o dünyada tapacaq və bizi gülər üzlə qarşılayacaqsan! Qarşılaşacağımız ana qədər özünə yaxşı bax, əziz dost!
Heydər Oğuz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]