Çünki uşağın uşaqlığını əlindən alanda bunu hansı adla etdiyimizin elə də böyük fərqi qalmır.
29-09-2026, 00:07

Məktəb açılanda valideyn iclasında müəllim dedi ki, qızlara şortik-yupkalar almayın, məktəb icazə vermir.
Bir neçə valideyn etiraz etdi. Etiraz mübahisəyə çevrildi.
Əslində ortada qlobal bir məsələ yox idi. Bir məktəbin geyim qaydası ilə bağlı söhbət idi. Amma bizdə uşağın geyimi haqqında danışmaq çox vaxt böyüklərin dünyagörüşü savaşına çevrilir.
İndi də hicab məsələsi.
Bir tərəfdə körpə yaşında başını bağlayırıq, onun dünyasını böyüklərin dini, ailəvi və sosial qəliblərinə uyğunlaşdırırıq. Bayaq bir kadr gördüm. Hicablı qızları məktəbdən geri qaytarıblar uşaqlar ağlayırdı. O uşaqların ağlamağının səbəbi hicaba qadağa deyil. İki daşın arasında qalmaqdır. Çünki bilirlər ki, başlarını açsalar evdəki sərt düşüncə onun məktəbə getməsinə, oxumasına, öz seçimini etməsinə mane ola bilər.
O biri tərəfdə isə tamam başqa mənzərə var. Azyaşlı uşaqları böyüklər kimi geyindirir, makiyaj etdirir, kameranın qarşısına ötürüb onları “balaca qadın” obrazına salırlar.
Bir tərəfdə uşağın başına böyüyün dünyagörüşünü qoyuruq, o biri tərəfdə uşağın bədəninə böyüyün estetik zövqünü.
Sonra da uşağın harada olduğunu unuduruq.
Uşaq nə dini mübahisənin arqumentidir, nə ailənin reputasiya vitrini, nə də sosial medianın “bəyənmə” materialı.
Uşağın ən böyük haqqı çox sadə bir şeydir: uşaq qalmaq.
Onun yerinə həyatın bütün qərarlarını biz verməmişdən əvvəl heç olmasa ona yaşına uyğun bir həyat yaşamaq haqqı verək.
Çünki uşağın uşaqlığını əlindən alanda bunu hansı adla etdiyimizin elə də böyük fərqi qalmır.
Gunel Musa

