Xruşovun fəhləlikdən Kremlin zirvəsinə uzanan yolu...
26-09-2026, 11:54

Ən yeni tarix. Maraqlı faktlar.
11 sentyabrın dünya siyasi tarixində xüsusi yeri var. Bu tarix 2001-ci il terror hücumları ilə yanaşı, XX əsrin ən ziddiyyətli siyasi liderlərindən birinin ölümü ilə də yadda qalıb. Sovet İttifaqının qüdrətli simalarından biri olmuş Nikita Sergeyeviç Xruşşov 1971-ci ilin bu günündə (11 sentyabr) 77 yaşında dünyasını dəyişdi.
Onun həyatı tarixin ən dramatik səhifələrindən biridir.
Xruşov yoxsul kəndli ailəsindən çıxaraq Kremlin zirvəsinə yüksəldi, Stalin rejiminin içində mühüm vəzifələr tutdu, daha sonra isə həmin rejimin banisinin şəxsiyyətinin ilahiləşdirilməsini və repressiyalarını sərt şəkildə tənqid etdi.
Onun siyasi karyerası qədər şəxsi həyatı da mürəkkəb idi. Erkən yaşda həyat yoldaşını itirdi, iki uşağı ilə tək qaldı, sonradan Nina Kuxarçukla uzunömürlü ailə qurdu, övladlarından birini müharibədə itirdi, digər övladlarının taleyində isə Sovet hakimiyyətinin yüksəliş və süqutunun izləri göründü.
Nikita Xruşov 1894-cü ildə Kursk quberniyasının Kalinovka kəndində kasıb kəndli ailəsində anadan olmuşdu.
Atası Sergey müxtəlif ağır işlərdə çalışır, ailə böyük maddi sıxıntılar içində yaşayırdı.
Xruşovun uşaqlığı imkanlı ailələrdə böyüyən gələcək sovet rəhbərlərindən tamamilə fərqli keçmişdi.
O, çox erkən yaşlarından işləməyə başlamış, Donbasda fəhlə, metal ustası və mədən işçisi kimi çalışmışdı.
Məhz burada fəhlə hərəkatı ilə yaxınlaşdı və 1918-ci ildə bolşeviklərə qoşuldu.
Onun siyasi yüksəlişi sürətli oldu.
Vətəndaş müharibəsi illərində Qızıl Orduda siyasi komissar kimi fəaliyyət göstərən Xruşov sonrakı illərdə partiya aparatında yüksəldi, Ukraynada mühüm vəzifələr tutdu və nəhayət Moskvaya gətirildi.
1930-cu illərdə Stalinə yaxınlaşması onun karyerasında dönüş nöqtəsi oldu.
1938-ci ildə Ukrayna Kommunist Partiyasının birinci katibi təyin edildi, 1939-cu ildə isə Siyasi Büro üzvü oldu.
Bu dövrdə Stalin repressiyalarının həyata keçirilməsində Xruşovun da rolu vardı.
Sonralar Stalinin cinayətlərini ifşa etməsi onun siyasi bioqrafiyasının ən böyük paradokslarından birinə çevrildi.
Lakin Xruşovun həyatında siyasətlə yanaşı ailə məsələsi də xüsusi yer tutur. Onun ilk həyat yoldaşı Yefrosinya İvanovna idi. Bu nikahdan Leonid və Yuliya adlı iki övladı dünyaya gəlmişdi. Ailə həyatı uzun çəkmədi.
Yefrosinya 1919-cu ildə tif xəstəliyindən vəfat etdi.
Xruşşov həmin vaxt hələ siyasi baxımdan böyük vəzifələrə yüksəlməmişdi və iki uşağı ilə tək qalmışdı.
Bu itki onun həyatında ağır iz buraxdı. Bir neçə il sonra Xruşovun həyatında Nina Petrovna Kuxarçuk peyda oldu.
Onlar 1920-ci illərin əvvəllərində tanış olmuşdular. Nina müəllimə və partiya məktəbində çalışan savadlı, intellektual qadın idi.
Xruşovla münasibətləri getdikcə möhkəmləndi və Nina onun həyatında sadəcə həyat yoldaşı deyil, ən yaxın sirdaşı və ailə dayağına çevrildi. Onların Rada, Sergey və Yelena adlı üç övladı oldu.
Ninanın Xruşovun həyatındakı rolu xüsusilə maraqlı idi. O, ərinin siyasi karyerasının bütün mərhələlərini onunla birlikdə keçdi. Xruşov Ukraynadan Moskvaya yüksəldikcə Nina da ailənin bütün yükünü üzərinə götürdü.
Üstəlik, o, Xruşovun ilk evliliyindən olan uşaqlarını da öz övladlarından ayırmadı.
Beləliklə, ailədə beş uşaq böyüdü. Nina həm uşaqların tərbiyəsi ilə məşğul olur, həm də ərinin siyasi fəaliyyətinin yaratdığı gərgin həyat şəraitinə uyğunlaşırdı.
Maraqlıdır ki, Xruşovla Ninanın münasibətləri uzun illər ər-arvad kimi davam etsə də, onların rəsmi nikahı yalnız 1965-ci ildə, Xruşov artıq hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra rəsmiləşdirildi.
Bu fakt onların ailə həyatının ən diqqətçəkən məqamlarından biridir. Onlar onilliklər boyu birlikdə yaşadılar, lakin hüquqi nikah məsələsi uzun müddət rəsmiləşdirilmədi.
Nina Petrovna ərinin siyasi həyatının da ayrılmaz hissəsinə çevrilmişdi.
O, Xruşovun xarici səfərlərində onu müşayiət edir, 1959-cu ildə ABŞ-a səfəri zamanı da onun yanında idi.
Sovet liderinin amerikalıların gündəlik həyatını və yaşayış səviyyəsini yaxından görməsində həmin səfərin xüsusi əhəmiyyəti vardı. Nina isə bu səfərdə adi “lider həyat yoldaşı” obrazından daha çox, ərinin yanında olan yaxın ailə üzvü kimi diqqət çəkirdi.
Xruşovun şəxsi həyatının ən böyük faciələrindən biri oğlu Leonidin ölümü oldu. Leonid hərbi pilot idi və İkinci Dünya müharibəsi zamanı həyatını itirdi.
Oğlunun ölümü Xruşov üçün ağır zərbə idi.
Sonrakı illərdə onun haqqında danışarkən ailə üzvlərinin və xüsusilə övladlarının taleyi tez-tez siyasi həyatının kölgəsində qalırdı.
Halbuki Xruşovun ailəsində baş verən hadisələr onun xarakterinə və şəxsi dünyasına ciddi təsir göstərmişdi.
1953-cü ildə Stalin öldükdən sonra Sovet rəhbərliyində hakimiyyət uğrunda mübarizə başladı.
Beriyanın aradan götürülməsindən sonra Xruşov tədricən əsas siyasi fiqura çevrildi.
1956-cı ildə Kommunist Partiyasının XX qurultayında etdiyi məşhur məruzə isə onun adını tarixə həkk etdi.
Xruşov Stalin şəxsiyyət kultunu, kütləvi repressiyaları və qanunsuz həbsləri tənqid etdi.
Bununla Sovet İttifaqında “ərimə” adlandırılan yeni mərhələ başladı. Ancaq Xruşovun öz keçmişi bu çıxışı daha da ziddiyyətli edirdi. O, illərlə Stalinin siyasi sisteminin içində olmuş, həmin sistemin qərarlarında iştirak etmişdi.
İndi isə həmin sistemin ən ağır cinayətlərini ifşa edən liderə çevrilmişdi.
Məhz buna görə onun siyasi portreti yalnız islahatçı və ya yalnız repressiv siyasətçi kimi təqdim edilə bilməz.
Xruşov həm Stalin sisteminin iştirakçısı, həm də sonradan həmin sistemin ən ciddi tənqidçilərindən biri oldu.
Onun hakimiyyəti dövründə dünya da təhlükəli böhranlardan keçdi. Berlin böhranı, Berlin divarının tikilməsi və xüsusilə 1962-ci il Kuba raket böhranı ABŞ və SSRİ-ni nüvə müharibəsinin astanasına gətirdi. Xruşov son nəticədə Kubadakı sovet raketlərinin çıxarılmasına razılıq verdi. Bu qərar bir tərəfdən geri addım kimi qiymətləndirilsə də, digər tərəfdən nüvə qarşıdurmasının fəlakətə çevrilməsinin qarşısının alınmasında mühüm rol oynadı.
Xruşovun daxili siyasətində isə kənd təsərrüfatı islahatları, xüsusilə qarğıdalı kampaniyası, iqtisadi eksperimentlər və mənzil tikintisinin genişləndirilməsi mühüm yer tuturdu.
Lakin iqtisadi problemlər, partiya daxilində narazılıqlar və onun sərt, bəzən gözlənilməz idarəçilik üslubu nəticədə mövqelərini zəiflətdi. Nəticədə 1964-cü ildə Xruşov hakimiyyətdən uzaqlaşdırıldı. Rəsmi səbəb kimi yaşı və səhhəti göstərilsə də, əslində partiya rəhbərliyində ona qarşı formalaşan narazılıq əsas rol oynadı.
Bir vaxtlar Sovet İttifaqının ən qüdrətli adamlarından biri olan Xruşov bundan sonra siyasi səhnədən tamamilə çəkildi.
Onun hakimiyyətdən sonrakı həyatı xüsusilə diqqətçəkəndir. Xruşov Moskva yaxınlığındakı bağ evində təcrid olunmuş həyat sürməyə başladı. Artıq onun ətrafında partiya rəhbərləri, diplomatlar və yüksək vəzifəli şəxslər yox idi.
Əsas dünyası ailəsi idi. O, xatirələrini yazır, keçmişini düşünür və vaxtının böyük hissəsini yaxınları ilə keçirirdi. Nina Petrovna isə həyatının bu mərhələsində də onun yanında qaldı.
Xruşovun övladlarının taleyi də maraqlı idi. Oğlu Sergey sonradan mühəndis kimi fəaliyyət göstərdi və atasının siyasi irsini öyrənənlər üçün mühüm mənbələrdən birinə çevrildi.
Daha sonra ABŞ-a köçərək orada yaşadı və atasının xatirələri ilə bağlı açıqlamalar verdi.
Qızı Rada da atasının siyasi və şəxsi irsinin qorunmasında rol oynadı. Digər qızı Yelena isə cəmi 35 yaşında vəfat etdi.
Bu itki də Xruşovun son illərinə təsirsiz ötüşmədi.
Beləliklə, Xruşovun həyatının son mərhələsində siyasi hakimiyyət yox, ailə ön plana çıxdı.
Bir vaxtlar milyonlarla insanın taleyinə təsir edən qərarlar qəbul edən sovet lideri ömrünün sonunda ən yaxın çevrəsinə, həyat yoldaşına və övladlarına bağlanmışdı. Onun üçün Kreml artıq keçmişdə qalmışdı.
Nikita Xruşov 1971-ci il sentyabrın 11-də Moskvada 77 yaşında vəfat etdi. Onun ölümü sovet dövlətinin təmtəraqlı lider dəfnlərindən fərqli olaraq böyük dövlət mərasiminə çevrilmədi.
Hakimiyyətdən uzaqlaşdırılmış keçmiş lider sakit şəkildə torpağa tapşırıldı. Lakin onun siyasi irsi bu gün də mübahisəlidir.
Stalin repressiyalarında iştirak etmiş bir siyasətçi sonradan Stalin şəxsiyyət kultunu dağıtdı.
Qərblə ən təhlükəli qarşıdurmalardan birində geri addım ataraq nüvə müharibəsinin qarşısını almağa çalışdı və Sovet cəmiyyətində müəyyən yumşalma yaratdı.
Xruşovun həyatına yalnız Kreml prizmasından baxmaq isə onun hekayəsinin mühüm hissəsini kölgədə qoyur.
Kasıb kəndli ailəsindən çıxan bu adam əvvəlcə gənc yaşda həyat yoldaşını və daha sonra müharibədə oğlunu itirdi, ikinci ailəsində beş uşağın atası oldu, həyatının ən yüksək zirvəsinə həyat yoldaşı Nina ilə birlikdə çatdı və hakimiyyətdən düşəndə yenə onun yanında qaldı.
Bəlkə də Xruşovun ən insani portreti məhz burada görünür. Milyonlarla insanın həyatına hökm edən sovet lideri ömrünün sonunda siyasi tənhalıqdan ailəsinin içinə çəkilmiş, keçmişin hesabını öz yaddaşı ilə aparan yaşlı bir adama çevrilmişdi...
Cavanşir Abbaslı.

