“Möcüzə”nin arxasındakı 134 meyit, yanan tanklar və alınmayan “Fənər”: Erməni mənbələri “Dağlarda toy” əməliyyatının hansı həqiqətlərini açır? (VI YAZI) – II HİSSƏ
17-11-2026, 00:05

...Ohanyanın şimal-şərq qruplaşması gecə Kosaların bütün postlarını tutdu, lakin onun öz kitabında etiraf etdiyi kimi, səhər saat 06:00 radələrində tutduqları mövqeləri rabitənin olmaması səbəbindən tərk etməyə məcbur oldu və Azərbaycan tərəfi bir kənddə 134 meyit saydı. Çitçyanın şimal qruplaşması teleqülləyə, Karapetyanın şərq qruplaşması isə həbsxana və avtobazaya doğru dağ cığırları ilə dırmaşdı. Erməni mənbəsinin yazdığı kimi, hücumun əsas yükü məhz şimal və şərqdən cığırlarla yaxınlaşan əsgərlərin çiyninə düşdü. Bu qruplaşmalar səhər saat 06:00-07:00 radələrində Tar sexi, aşağı yanacaqdoldurma məntəqəsi, avtobaza və həbsxananı ələ keçirdi. Lakin Qukasyan, İşxan və Hakopyanın Azərbaycan məhkəməsindəki ifadələrinə görə, onlar Azərbaycan qüvvələrinin əks-hücumundan sonra geri qayıtmağa məcbur qaldılar, mayın 8-də şəhəri ala bilmədilər, 9-da da girmədilər və yalnız mayın 10-da kəşfiyyat şəhərin boş olduğunu bildirdikdən sonra daxil oldular.
...Erməni mənbələrinin təqdim etdiyi faktların ümumi təhlilindən aşağıdakı hərbi nəticə çıxır: Düşmənin “Dağlarda toy” əməliyyatı strateji səviyyədə düzgün seçilmiş hədəf, 2 aylıq məxfi planlaşdırma, hücum edən tərəfin öz zəifliyinin etirafı üzərində qurulmuş cinah manevri, çoxtəbəqəli aldatma, təminat bazasının artilleriya ilə iflici, dəqiq kəşfiyyat, psixoloji təzyiq və diplomatik örtük üzərində qurulmuşdu və bu komponentlərin hər biri işlədi. Taktiki səviyyədə isə əməliyyat üçün ayrılan vaxt aşıldı, mühasirə halqası bağlanmadı, Kosalar və Daşaltıda qruplaşmalar ağır itki verdi, ilk dalğa şəhərdən çıxarıldı, Ermənistan bayraqlı tank qalanın girişində yandı, “Fənər” postu alınmadı, zirehli komponent günorta geri çəkilmə əmri aldı və şəhərə yalnız müdafiəçilər onu tərk etdikdən sonra daxil olundu.
...Martda kəşfiyyat məlumatları toplandı, L. Martirosov Şuşa ərazisinin maketini düzəltdi, erməni komandirlər maket üzərində istiqamətləri məşq etdilər. Aprelin 27-də plan təsdiqləndi, 28-də istiqamətlər və komandirlər dəqiqləşdirildi, mayın 4-də yekun sənəd imzalandı. Sənədin mətni Azərbaycan qüvvələrini Şuşa yüksəkliklərində 1200, Zarıslıda 100-ə yaxın, Turşsuda 300-350, Kosalarda 300-ə yaxın nəfər hesablayır və dörd mərhələ müəyyən edir: Turşsu (Keçəltəpə), Zarıslı, Canhəsən və Qaraqayada qüvvələrimizin məğlub edilməsi; Şuşaya yaxınlaşma yollarında müqavimətin qırılması və şəhərin kod adı ilə “yaşıllar” adlandırılan müdafiəçilərdən təmizlənməsi; Qaladərəsi zonasına daha da irəliləyərək ərazinin ələ keçirilməsi və Kosalar, Turşsu, Zarıslıda cəmləşmiş əsas qüvvələrin şəhəri əhatə etdiyi nəzərə alınaraq “N yüksəkliyi” adlanan hakim nöqtənin tutulması.
...Hücum dörd istiqamətə bölündü: şərqdə Şuşakənd tərəfdən Arkadi Karapetyan, şimalda “26-cı post” tərəfdən Valeri Çitçyan, cənubda Laçın istiqamətində Samvel Babayan, şimal-şərqdə Kosalar və Canhəsən istiqamətində Seyran Ohanyan hücuma keçməli, təxminən 300 nəfərlik ehtiyat isə Yura Hovannisyanın əlində saxlanılmalı idi. Cəbhənin ümumi uzunluğu 40 kilometrə yaxın idi. Erməni mənbələri hücum qüvvəsini təvazökarlıqla 1000-ə yaxın, zirehli texnikanı ən azı 4 tank və 2 döyüş helikopteri kimi göstərir; Azərbaycan kəşfiyyatı isə Alagözdən Topxanaya qədər cəmləşmiş qruplaşmanı 11 mindən çox hesablayırdı. Bu iki rəqəm bir-birini istisna etmir: 1000 nəfər dörd istiqamətdə bilavasitə dırmaşan hücum qrupları, 11 min isə Ağdam və Ağdərə istiqamətlərini də saxlayan bütün qruplaşmadır.
Şahin Qocayev

