"Microsoft"un elektron poçt xidmətindəki problem insanları xəstəxanalıq etdi
15-11-2026, 12:34

Almaniyanın Köln şəhəri yaxınlığındakı Brül şəhərində yerləşən "Phantasialand" əyləncə parkının "Ling Bao" hotelində 15 qonağın xlorla zəhərlənməsinə "Microsoft" xidmətlərində yaranan nasazlıq səbəb olub.
Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, hotelin hovuzunda suya verilən xlorun miqdarını avtomatik tənzimləyən sistem quraşdırılıb. Sistem həmçinin suda xlorun səviyyəsi normadan kənara çıxdıqda elektron poçt vasitəsilə xəbərdarlıq göndərir.
Lakin cümə günü "Outlook" elektron poçt xidmətində yaranan nasazlıq səbəbindən xəbərdarlıqlar əyləncə parkının rəhbərliyinə çatmayıb. Nəticədə hovuzun suyuna normadan artıq xlor əlavə olunub.
Hovuzda çimdikdən sonra qonaqlar tənəffüs yollarında qıcıqlanma və ürəkbulanma şikayətləri ilə müraciət ediblər.
Zərərçəkənlərdən dördü xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağır qiymətləndirilir, digər üç nəfər isə yüngül dərəcədə xəsarət alıb. Qalan 11 nəfər təcili tibbi yardım həkimi tərəfindən müayinə edilib və onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Hadisədən sonra hovuzun fəaliyyəti suyun dəyişdirilməsi məqsədilə müvəqqəti dayandırılıb. Daha sonra hovuz yenidən ziyarətçilərin istifadəsinə verilib.

