Bakıdakı məşhur restoranla bağlı qalmaqal
12-11-2026, 09:24

Paytaxtın Nərimanov rayonu ərazisində yol tikintisi ilə əlaqədar bir müddət əvvəl sökülən məşhur “Şəki Qala” restoranının sahibi bu obyekt ilə əlaqədar məhkəmələrdə çəkişir. Bəhs etdiyimiz məhkəmə qalmaqalı isə söküntü ilə bağlı deyil.
Bizimyol.info xəbər verir ki, restoranın sahibi söküntüdən əvvəl obyektinin bir hissəsinin zəbt olunduğunu iddia edir.
Məşhur “Şəki Qala” restoranı Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşirdi. Məhkəmədə iddia qaldıran sonuncu sahibi onu 2024-cü ildə alıb. Mülkiyyətçinin iddiasına görə, 640 kvadrat metrlik obyektinin 173 kvadrat metrini zəbt ediblər. O, alqı-satqı prosesini həyata keçirib, restorana sahib olandan məhkəməyə şikayət verənə qədər keçən 9 ay ərzində həmin 173 kvadrat metrlik ərazidən istifadə edə bilmədiyinə görə məhkəmədə qarşı tərəfdən təzminat tələb edib. İddia qaldırıb ki, qarşı tərəf hasarını söksün, öz əşyalarını söküb aparsın, ona məxsus hissəni qaytarsın və hər ay 7 min manat icarə haqqı hesablanmaqla, 9 ay üçün 63000 manat ödəsin. Üstəlik, mənəvi ziyana görə də 30000 manat kompensasiya verilsin.
Məhkəmə mənəvi ziyan hissəsində olmasa da, 9 aya 63000 manat icarə haqqı hissəsində onun iddiasını təmin edib.
Qarşı tərəf qərardan narazı qalaraq, apellyasiya şikayəti verib. Şikayətində göstərib ki, məhkəmə zərərin (icarə haqqının) məbləğini müəyyən edərkən mütənasiblik prinsipini kobud şəkildə pozub. Ekspert rəyində 640 kvadrat metr sahə üçün orta aylıq icarə haqqı 14 min 700 manat müəyyən edildiyi halda, bunun cəmi dörddə bir hissəsini təşkil edən 173 kvadrat metr sahə üçün aylıq 7000 manat hesablamaq obyektiv yanaşma deyil: “Riyazi mütənasiblik prinsiplərinə görə 173 kvadrat metr sahənin aylıq icarə dəyəri 3972 manat təşkil etməli idi”.
Apellyasiya məhkəməsi birinci instansiyanın qərarını dəyişib. Yeni qərara əsasən, 9 ay üçün icarə haqqı 35 min 748 manat hesablanıb və cavabdehin üzərinə sökülmüş restoranın sahibi olan iddiaçıya bu qədər məbləği ödəmək öhdəliyi qoyulub.
“Şəki Qalası” restoranı Həsən Əliyev küçəsi ilə Koroğlu metrosunu birləşdirəcək yolun tikintisi ilə əlaqədar 2025-ci ilin mayında sökülüb. Yeni yolun inşasına görə məşhur “Keşlə bazarı” və ona bitişik bir sıra başqa tikililər də sökülüb.
Aytən, Bizimyol.info

