Qaçırılma ya pilotların davası? - Qaçırılan təyyarə ilə bağlı ŞOK MƏLUMAT

30-09-2026, 11:10           
Qaçırılma ya pilotların davası? - Qaçırılan təyyarə ilə bağlı ŞOK MƏLUMAT
BƏƏ-dən Təl-Əvivə uçan "Flydubai" şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib və Səudiyyə Ərəbistanı hava məkanına yönləndirilib.

Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, havaya qalxdıqdan təxminən 90 dəqiqə sonra İordaniya hava məkanının sərhədi yaxınlığında sərnişin təyyarəsi ümumi fövqəladə vəziyyəti bildirən beynəlxalq "7700" kodunu, ardınca isə uçuş əməliyyatlarına qanunsuz müdaxilə və ya təyyarəni ələ keçirmə cəhdini ifadə edən xüsusi "7500" kodunu ötürüb.

Bundan dərhal sonra təyyarə Səudiyyə Ərəbistanı ərazisinə doğru istiqamət alıb.

Təhlükə ilə bağlı İsrail təcili şəkildə Hərbi Hava Qüvvələrinin iki qırıcı təyyarəsini havaya qaldırıb. Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrail Katz təcili iclas çağırıblar.

İsrail mətbuatı yazır ki, ölkə rəsmiləri təyyarənin qaçırılmasına dair qəti təsdiqin olmadığını bildiriblər. Yalnız pilot tərəfindən həyəcan siqnalı kodunun işə salınması qeydə alınıb və hazırda araşdırma aparılır.

Təyyarədə 180 sərnişinin olduğu bildirilir.

***

Təyyarənin qaçırılması ehtimalına görə Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanı müvəqqəti olaraq bağlanıb.

***

İsrail mətbuatının məlumatına görə, təyyarə qaçırılmayıb, sadəcə, ekipaj üzvləri arasında zorakılıqla müşayiət olunan hadisə baş verib.

Bildirilib ki, pilotlar təyyarədə bir-biri ilə əlbəyaxa dava ediblər.

Təyyarə Səudiyyə Ərəbistanındakı hava limanlarından birinə enib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]