Fırıldaqçılar süni intellektlə İtaliyanın bankından 95 milyon avro çıxarıblar
28-09-2026, 10:34

Süni intellektdən istifadə edərək bank rəhbərlərinin səsini təqlid edən fırıldaqçılar İtaliyanın ən böyük banklarından Intesa Sanpaolonun özəl bankçılıq bölməsi Fideuramdan 95 milyon avro vəsait çıxarmağa nail olublar.
"Reuters"in iki mənbəyə istinadən yaydığı məlumata görə, hadisə fevral ayında "Fideuram"ın o zamankı rəhbəri Paolo Molezinin "WhatsApp" vasitəsilə "Intesa Sanpaolo"nun baş direktoru Karlo Messinadan gəldiyi görüntüsü yaradılan mesaj alması ilə başlayıb.
Mesajda xaricdə təcili maliyyə əməliyyatının həyata keçirilməsi xahiş olunub. Daha sonra fırıldaqçılar hüquq şirkətinin yüksək vəzifəli əməkdaşı kimi zəng edərək göstərişi təsdiqləyiblər. Mənbələrin sözlərinə görə, həmin şəxsin səsi süni intellekt vasitəsilə təqlid edilib.
Bundan sonra xarici hesablara, əsasən Çin və Honkonqa, bir sıra köçürmələr həyata keçirilib.
"Fideuram" əməliyyatlardakı şübhəli halları qısa müddətdə aşkarlayaraq bir neçə ölkənin bank və hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Çin, Portuqaliya və İtaliya hakimiyyətlərinin əməkdaşlığı nəticəsində təxminən 53 milyon avro geri qaytarılıb. Lakin qalan 36 milyon avronun izini xarici hesablar şəbəkəsindən keçdikdən və kriptovalyutaya çevrildikdən sonra müəyyənləşdirmək mümkün olmayıb.
"Intesa Sanpaolo" və "Fideuram" hadisə ilə bağlı şərh verməyib. Molezini və digər "Fideuram" rəhbərləri barəsində araşdırma aparılmadığı bildirilir. Bununla yanaşı, Milan prokurorluğunun Avropadan kənarda yaşayan xarici vətəndaşı kompüter fırıldaqçılığında şübhəli şəxs kimi araşdırdığı qeyd olunur.
Molezini mart ayında "Fideuram"ın Direktorlar Şurasının sədri vəzifəsindən şəxsi səbəbləri əsas gətirərək istefa verib.
Bu hadisə süni intellektdən istifadə etməklə həyata keçirilən səs və şəxsiyyət təqlidi yolu ilə maliyyə fırıldaqlarının artan təhlükəsini bir daha gündəmə gətirib.

