"OpenAI"a yeni ittiham: Pirat kitablarla təlim keçdiyi iddia edildi

10-09-2026, 16:44           
"OpenAI"a yeni ittiham:
Süni intellekt modellərinin hansı məlumatlarla təlim keçirildiyi ilə bağlı mübahisələr "OpenAI" və "Microsoft"u hədəf alan məhkəmə işində yeni mərhələyə keçib.

Valyuta.az xəbər verir ki, Autors Quild məhkəməyə təqdim etdiyi son müraciətdə "OpenAI"ln bəzi müəlliflərin əsərlərindən icazəsiz istifadə etdiyini, üstəlik bu məzmunların torrent vasitəsilə pirat mənbələrdən əldə edildiyinin şirkət daxilində bilindiyini iddia edib.

Məhkəmə işi ilk dəfə 2023-cü ildə açılıb. Autors Quild indi Nyu-Yorkdakı hakim Sidni Stayndan əsas məhkəmə iclası başlamazdan əvvəl qismən hökm xarakterli qərar çıxarmasını tələb edir. İddiaçıların sözlərinə görə, "OpenAI"ın sözügedən əsərlərdən təlim məqsədilə istifadəsi icazəsiz həyata keçirilib və bu səbəbdən "ədalətli istifadə" (fair use) çərçivəsində qiymətləndirilməməlidir.

Müraciətdəki ən diqqətçəkən iddialardan biri "OpenAI"nin kitabları "Library Genesis", yəni "LibGen" adlı pirat məzmun platformasından bilərəkdən yükləməsidir. İddiaçılar şirkətin daha sonra bu mənbənin izlərini gizlətməyə çalışdığını bildirirlər.

Buna görə "Libgen1" və "Libgen2" adlandırılan kitab kolleksiyaları "GPT-3"ü təqdim edən sənədlərdə daha neytral görünən "Books1" və "Books2" adları ilə qeyd olunub.

Autors Quild həmçinin bu məlumat dəstlərinin hüquqi narahatlıqlar səbəbindən 2022-ci ildə silindiyini iddia edir. Müraciətdə "OpenAI" əməkdaşlarının bundan əvvəl də sözügedən mənbələrin hüquqi baxımdan problem yarada biləcəyindən xəbərdar olduqları irəli sürülüb.

İş materiallarında "OpenAI" əməkdaşı Tarun Qoqineni tərəfindən keçmişdə sosial mediada edilən paylaşımlara da yer verilib. Autors Quild həmin mesajları şirkətin təkcə əsərlərdən təlim məlumatı kimi istifadə etmədiyi, həmçinin müəlliflərin əməyinin yerinə süni intellekt tərəfindən yaradılan məzmunu qoymağı hədəflədiyi iddiasına əsas kimi göstərir.

Qoqineni "OpenAI"dakı tədqiqat məqsədlərindən birinin Corc R.R. Martinin "A Song of Ice and Fire" seriyasının hələ yazılmamış iki kitabını tamamlamaq olduğunu bildirmişdi. O, paylaşımında Martin seriyanı tamamlaya bilməsə, "GPT-5"in qalan kitabları yaza biləcək potensiala malik olduğunu da iddia etmişdi.

Süni intellekt modellərinin müəllif hüquqları ilə qorunan əsərlərlə təlim keçirilməsinin "ədalətli istifadə" çərçivəsində qiymətləndirilə biləcəyinə dair müxtəlif məhkəmə qərarları mövcuddur.

Lakin bu işdə əsas fərq əsərlərin normal yollarla deyil, pirat mənbədən yükləndiyinə dair iddiadır. İddiaçılar buna görə yalnız təlim prosesinin deyil, məlumatların hansı yolla əldə edilməsinin də ayrıca müəllif hüququ pozuntusu təşkil etdiyini müdafiə edirlər.

Autors Quild "Microsoft"un da dolayı məsuliyyət daşımalı olduğunu irəli sürüb. Buna əsas kimi şirkətin təlim proseslərinə nəzarət imkanına malik olması və "OpenAI" texnologiyalarından kommersiya gəliri əldə etməsi göstərilib.

"OpenAI" ittihamlara birbaşa cavab verməyib. Bununla belə, şirkət əks müraciətində təlim metodlarının "ədalətli istifadə" prinsipi çərçivəsində olduğunu müdafiə edib və süni intellekt tərəfindən yaradılan nəticələrin müəlliflərin əsərlərini olduğu kimi köçürməsinin nadir hallarda baş verdiyini bildirib.

Paşa Məmmədli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]