Haker tokenin qiymətini 20 dəqiqədə 100 dəfə artırdı - 75 milyonluq kredit götürdü

1-09-2026, 17:34           
Haker tokenin qiymətini 20 dəqiqədə 100 dəfə artırdı - 75 milyonluq kredit götürdü
Kriptovalyuta bazarında növbəti hücum “Cronos” blokçeyn şəbəkəsində baş verib. “Tectonic” DeFi kredit platformasında qiymət manipulyasiyasından istifadə edən haker 75 milyon dollarlıq kredit götürməyə nail olub.

Valyuta.az xəbər verir ki, hadisə klassik proqram təminatı sındırılması deyil, tokenin qiymətinin manipulyasiyası yolu ilə həyata keçirilib.

Lakin operativ müdaxilə nəticəsində həmin vəsaitin yalnız 6 milyon dollarını başqa şəbəkəyə çıxara bilib.

Haker “Tectonic” platformasının TONIC tokenində ticarət həcminin aşağı olmasından istifadə edib. Qısa müddətdə ardıcıl alışlar həyata keçirərək tokenin qiymətini cəmi 20 dəqiqə ərzində 100 dəfə artırıb.

Qiymətin kəskin yüksəlməsi nəticəsində hakerin əlindəki TONIC tokenlərinin bazar dəyəri milyonlarla dollara çatıb. O, daha sonra həmin tokenləri girov kimi göstərərək platformadan 75 milyon dollarlıq kredit götürüb.

Hadisə aşkarlandıqdan sonra “Cronos” şəbəkəsində əməliyyatlar dayandırılıb və yeni blokların yaradılması müvəqqəti olaraq dondurulub.

Haker isə bu müddətdə götürdüyü 75 milyon dollarlıq kreditin təxminən 6 milyon dollarını “Ethereum” şəbəkəsinə köçürməyə müvəffəq olub. Qalan 69 milyon dolların şəbəkədən çıxarılmasının qarşısı alınıb.

“Tectonic” və “Cronos” hadisə ilə bağlı əməliyyatların bütün texniki detallarını hələ açıqlamadığından hücumun bəzi təfərrüatları məlum deyil.

“Crypto.com” da hadisə ilə bağlı açıqlama verərək birjada itki olmadığını və istifadəçilərin aktivlərinin təhlükəsiz olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]